NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhəri, Məmməd Səid Ordubadi küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən Eyvazov Rövşən Adil oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilib. Verilən tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
