Naxçıvanda Zəfər Gününün 5 illiyi möhtəşəm atəşfəşanlıqla qeyd olunacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvanda geniş bayram tədbirləri keçiriləcək.

Azərbaycanın tarixi qələbəsinin 5 illiyi münasibətilə gün ərzində zəfər ruhunu əks etdirən müxtəlif tədbirlər təşkil olunacaq.

Bayram günü Naxçıvan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində səhnə qurulacaq və Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim ediləcək. Tədbirdə tanınmış müğənnilər, yaradıcı kollektivlər, yerli ansambllar və musiqi qrupları çıxış edəcəklər. Konsertdə Vətən, qəhrəmanlıq və vətənpərvərlik mövzularında mahnılar səslənəcək, şəhid və qazilərimizin şücaətinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriləcək.

Tədbir axşam möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

Zəfər Gününə həsr olunmuş proqram yalnız konsertlə məhdudlaşmayacaq. Gün ərzində şəhərdə bir sıra mədəni və sosial layihələr həyata keçiriləcək. Səhər saatlarından etibarən uşaq və gənclərin, o cümlədən incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə “Zəfər Günü – Qürur Günümüz” adlı rəsm müsabiqəsi və sərgilər təşkil olunacaq. Burada gənclərin qələbə ruhunu və vətənpərvərlik duyğularını əks etdirən əsərlər nümayiş etdiriləcək.

Bayram ərəfəsində Naxçıvan şəhəri Zəfər ab-havasına bürünəcək, küçə və prospektlərdə dövlət bayraqları və zəfər simvolları ilə bəzədiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: