Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu məqsədlə 2012-ci ildə yaradılan Naxçıvangömrük laboratoriyası Cənubi Qafqazda geni modifikasiya olunmuş (GMO) məhsulların təyini üzrə ən müasir laboratoriyadır.
İdxal olunan ərzaq məhsullarının genetik modifikasiyaya məruz qalmasının dəqiqliklə yoxlanılması üzrə yeni metodları öyrənmək və muxtar respublikamızda qida təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək məqsədilə Türkiyə Respublikasının Ek-İm firmasından dəvət olunmuş GMO mütəxəssisi Məhəmməd Gökçənin rəhbərliyi ilə növbəti kurs təşkil olunub.
Qeyd edək ki, Türkiyə Respublikasında mövcud olan GMO laboratoriyalarının 80 faizinin qurulmasını təmin etmiş həmin qurum bu sahədə ən təcrübəli heyətə malikdir.
Beşgünlük tədris kurslarının nəticəsi olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsulları, o cümlədən belə kənd təsərrüfatı məhsullarından hazırlanmış ərzaq məhsulları və hətta az miqdarda bu məhsullardan istifadə olunmaqla istehsal edilmiş ərzaq məhsullarında transgenləri tam şəkildə təyin etməyi öyrəniblər.Bu məqsədlə lazımi reaktiv və etalon reagentlər Fransanın Evrofins şirkətindən alınıb.
Qeyd edək ki, dünyada becərilən GMO bitkiləri, əsasən, qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, yonca, kartof, düyü, pomidor və tütündür. Hazırda 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkisinin genetik modifikasiya olunmuş analoqları vardır. Son məlumatlara görə, onlardan 65-i təsərrüfatlarda tətbiq olunur. Bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Artıq bir çox dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişikliklər yaratdığından geni modifikasiya olunmuş məhsullara qarşı ciddi mübarizə aparır.Ölkəmizdə isə geni modifikasiya edilmiş məhsulların idxalı qanunla qadağandır.
Kurs çərçivəsində ət məhsullarında halal standartlarının təyini üzrə metodlar da tədris olunub. Əməkdaşlar qida məhsullarında istifadə olunan ət və yağların mənşəyini müəyyən etməyi öyrəniblər. Kursun sonunda qiymətləndirmə aparılıb və iştirakçılarasertifikatlar təqdim olunub.
Qeyd edək ki, Naxçıvan gömrük laboratoriyası tərəfindənkeyfiyyət göstəricilərinin təyini ilə bağlı aparılan analizlərinnəticələrinin xarici ölkələrdə də tanınması istiqamətində işlər davam etdirilir.
Mədinə Rəhimli