Dövlət qulluqçuları üçün “Dövlət idarəçiliyində maraqlar toqquşması və anti-korrupsiya siyasəti” mövzusunda vebinar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində maraqlar toqquşması və anti-korrupsiya siyasəti” mövzusunda vebinar keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 35 dövlət qulluqçusu iştirak edib. Vebinarı hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyev və hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov aparıblar.

Təlimin keçirilməsində məqsəd dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, etik davranış mədəniyyətinin möhkəmləndirilməsi, eləcə də dövlət qulluqçularında maraqlar toqquşmasının qarşısının alınması sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi olub.

Professor İsaxan Vəliyev çıxışı zamanı maraqlar toqquşması anlayışının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə əksini tapmasından, bu sahədə tətbiq edilən beynəlxalq təcrübə və tövsiyələrdən bəhs edib. O qeyd edib ki, maraqlar toqquşması dövlət qulluqçusunun şəxsi maraqları ilə ictimai vəzifələri arasında yaranan ziddiyyətdir və qərarverməyə təsir göstərə bilər.

İsaxan Vəliyev həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət qulluğunda maraqlar toqquşmasının idarə olunması ilə bağlı 2003-cü ildə qəbul etdiyi rəhbər prinsiplərdən, eləcə də Avropa Şurası və BMT-nin sənədlərində bu istiqamətdə müəyyənləşdirilmiş əsas prinsiplərdən danışıb.

O, vurğulayıb ki, bu prinsiplər şəffaflıq, etik davranış, hesabatlılıq, maraqlar toqquşmasının əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılmasına yönəlmiş mexanizmləri ehtiva edir. Müxtəlif ölkələrin təcrübələrinə toxunan professor qeyd edib ki, etik kodekslər, bəyannamə sistemləri və məsləhət xidmətləri bu prosesdə əsas alətlər hesab olunur.

Çıxışında Ümummilli lider Heydər Əliyevin ədalət və məsuliyyət haqqında fikirlərinə də istinad edən İsaxan Vəliyev bildirib: “Ümummilli lider Heydər Əliyevin çıxışlarında vurğulandığı kimi, ədalətsizlik və maraqlar toqquşması dövlətə xəyanətin başlanğıcıdır.”
 

O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən antikorrupsiya siyasətinin, şəffaflıq və hesabatlılıq istiqamətində qəbul edilən qanun və dövlət proqramlarının vacibliyini diqqətə çatdırıb. 2004-cü ildən etibarən qəbul edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, bu sahədə yaradılmış dövlət komissiyaları, BMT və Avropa Şurası sənədlərinin ratifikasiyası və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın əhəmiyyəti xüsusi vurğulanıb.

Hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov isə korrupsiya və rüşvətxorluqla bağlı cinayət tərkibli əməllərin hüquqi qiymətləndirilməsi, bu əməllərin qarşısının alınması üçün mövcud qanunvericilik mexanizmləri və inzibati məsuliyyət tədbirləri barədə iştirakçılara ətraflı məlumat verib.

Vebinar çərçivəsində maraqlar toqquşmasının yaranma səbəbləri, növləri (müstəqil qərarvermə, nepotizm, işgüzar əlaqələr) və qarşısının alınması üsulları da müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: