Naxçıvanda Zəfər Günü münasibətilə Hacadağa zirvə yürüşü təşkil olunub - FOTOLAR

A- A A+

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Turizm Departamenti tərəfindən Hacadağın zirvəsinə ekstremal yürüş təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, yürüşdə idmançılar, könüllü gənclər, əcnəbi tələbələr və təşkilatçı qurumların əməkdaşları olmaqla, ümumilikdə 44 nəfər iştirak edib.

Noyabrın 6-sı səhər saatlarında yürüş iştirakçıları Culfa rayonunun Gal kəndindən Hacadağa doğru hərəkətə başlayıblar. Dırmanışdan öncə təşkilatçı qurumların nümayəndələri tədbirin əhəmiyyətindən danışıblar, iştirakçılara uğurlar arzulayıblar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə yürüş iştirakçılarını təhlükəsizlik qaydaları barədə məlumatlandırıblar.

Daha sonra qruplara bölünən iştirakçılar zirvəyə doğru hərəkət ediblər. Çətin relyefə baxmayaraq, təxminən 4 saat ərzində 2 414 metr yüksəklikdəki zirvəyə çatmaq mümkün olub. Burada iştirakçılar ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıb, Dövlət Himnini ifa ediblər. "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Zəfər bizim, zirvə bizim!" şüarları səsləndirilib.

Yürüşün sonunda iştirakçılar fəxri fərmanlarla təltif olunub, FHN əməkdaşları və Təcili tibbi yardım işçilərinə isə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, zirvə yürüşünün əsas məqsədi Zəfər Gününün 5-ci ildönümünü qeyd etmək, şəhidlərimizin şücaətinə ehtiram göstərmək və gənclər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: