Fəaliyyət göstərdiyi uzun illər ərzində elmimizə böyük töhfələr verən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində dövlət başçımız öz çıxışı ilə həm alimlərimizə verilən dəyəri ifadə etdi, həm də eyni zamanda bu çıxış onlar üçün üçün əsl yol xəritəsinə çevrildi. Bu çıxışda irəlidəki illərdə elm adamlarının fəaliyyətinin əsas istiqamətləri irəli sürüldü. Onlar içərisində dilimizin qorunması və inkişafı məsələləri xüsusi bir başlıq kimi təqdim olundu. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dövlətimizin dilimizə verdiyi dəyəri, onun qorunması üçün son illər ərzində görülən və görüləcək işlərin aydın mənzərəsini yaratdı. Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvətlərindən, milli kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu Azərbaycan xalqı öz ana dilinə sahib çıxmaqla milli varlığını qoruyub, onu ədəbi, elmi, ictimai, beynəlxalq müstəviyə çıxarıb. Müasir dövrdə bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə də Prezident İlham Əliyevin dilimizə verdiyi dəyər, ana dilinin qorunması və inkişafı ilə bağlı çıxışları ölkə ictimaiyyətində böyük əks-səda doğurdu.
AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlət başçısının çıxışı həm elmi ictimaiyyət, həm də ümumxalq səviyyəsində dilə verilən yüksək qiymətin ifadəsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Bu fikir həm dilimizin əhatə etdiyi böyük coğrafiyanı, həm də onun milli birləşdirici gücünü ifadə edir. Yəni dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də bütün dünya azərbaycanlılarını birləşdirən dəyərdir.
Azərbaycan dilinin müstəqillik dövründəki inkişafı yalnız dil siyasəti deyil, həm də dövlətçilik strategiyası kimi qiymətləndirilə bilər. Çünki dil, eyni zamanda, dövlətin ideoloji əsasını formalaşdırır. Ölkə başçımızın vurğuladığı kimi, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Bu mənada Prezident İlham Əliyevin dilə verdiyi önəm təkcə mədəni deyil, siyasi məna da daşıyır. O, dilin müstəqillik ideyasının qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edir. Bu, bir daha göstərir ki, dilin saflığı, təmizliyi və işləkliyi milli ideologiyanın ayrılmaz hissəsidir. Dövlət başçısının dil siyasəti ana dilinin həm daxildə, həm də diaspor mühitində yaşadılmasına yönəlmişdir. Bu baradə onun fikirləri belədir: “Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik”.
Müasir dünyada qloballaşma və texnoloji inkişaf nəticəsində dillərin qarşılıqlı təsiri artmaqdadır. Bu, bir tərəfdən təbii prosesdir, digər tərəfdən isə milli dillərin saflığı üçün ciddi təhlükə yaradır. Prezident İlham Əliyev də çıxışında bu məsələyə toxunaraq bildirdi: “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Bu fikir, əslində, müasir dil siyasətinin strateji istiqamətini müəyyənləşdirir. Qloballaşan dünyada sosial medianın və informasiya texnologiyalarının təsiri ilə Azərbaycan dilinə çoxlu sayda yad sözlər daxil olur. Prezident bu halı “təxribat və ya laqeydlik” kimi qiymətləndirərək xəbərdarlıq etdi ki, bu meyl dilin təbiiliyinə, milli ruhuna zərbə vurur. Ölkə başçısının bu istiqamətdəki mövqeyi həm də mədəni mübarizə çağırışıdır. Beləliklə, dilin saflığına qayğı həm mədəniyyətin, həm də milli yaddaşın müdafiəsidir.
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Azərbaycan alimlərindən də bax, bu məsələyə öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”, – deyən Prezident İlham Əliyev çıxışında ana dilimizin qorunmasında AMEA və alimlərin roluna xüsusi diqqət ayırdı. Bu fikir elmi ictimaiyyət üçün bir çağırış, həm də dövlətin intellektual resurslarına olan etimadın göstəricisidir.
Elmi dairələr və ziyalılar Azərbaycan dilinin müasir problemlərinin öyrənilməsi, yeni texnoloji mühitə uyğunlaşması və tədrisinin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynamalıdırlar. Prezidentin bu çağırışı həm də elmi dilçilik üçün dialektologiyanın qorunması, yeni terminologiyanın yaradılması, informasiya texnologiyaları dövrünə uyğun dil resurslarının formalaşdırılması kimi yeni vəzifələr müəyyənləşdirir.
Bununla yanaşı, dövlət başçısı yazıçı və şairlərin, jurnalistlərin, siyasətçilərin də üzərinə böyük məsuliyyət qoydu. Doğurdan da, klassiklərimizdən tutmuş müasir yazarlaradək dilə xidmət edən əsərlər milli yaddaşın əsas sütunlarındandır. Bu gün də bu ənənənin davam etdirilməsi vacibdir.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər təkcə bir çıxış deyil, milli ideya səviyyəsində proqram xarakteri daşıyır. Onun sözləri Azərbaycan dilinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür. “Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”, – deyən ölkə başçısının fikirləri həm dövlət, həm cəmiyyət, həm də hər bir vətəndaş üçün yol göstəricisidir. Bu çıxışla Prezident bir daha göstərdi ki, dil məsələsi onun siyasətində yalnız mədəni deyil, milli təhlükəsizlik və ideologiya məsələsidir. Beləliklə, İlham Əliyevin dil haqqında fikirləri bu gün həm elmi, həm də ictimai kontekstdə strateji əhəmiyyət daşıyır. Ana dili – milli varlığın bünövrəsidir və bu bünövrə güclü olduqca, Azərbaycan xalqı da müstəqil, azad və mənəvi cəhətdən bütöv qalacaq.
Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru
