Zəfərimizin 5-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov 40 saylı Saltaq Seçki Dairəsini əhatə edən kəndlərdə müxtəlif sahələrdə çalışan gənclər, qazilər və gənc müəllimlərlə Zəfərimizin 5-ci ildönümü münasibətilə görüş keçirib. Tədbir Culfa rayonunun Qazançı kənd tam orta məktəbində baş tutub.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü Culfa Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Təbriz Hüseynzadə açaraq, vətənpərvərlik mövzusunda keçirilən bu cür tədbirlərin gənclərin mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, gənclərdə vətənə sevgi və məsuliyyət hissinin möhkəmləndirilməsində bu kimi görüşlərin xüsusi rol oynadığını qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.
Daha sonra deputat Canməmməd Canməmmədov çıxış edərək, Azərbaycan gənclərinin bu gün qalib bir ölkənin nümayəndələri kimi fəxr hissi ilə yaşadıqlarını vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə gənclər siyasətinin əsasının qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Deputat qeyd edib ki, məhz dövlətin gənclərə qayğısı və onların milli ruhda formalaşması nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə əldə edib.
Canməmməd Canməmmədov çıxışında həmçinin Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, regionda mühüm layihələrin, xüsusilə Zəngəzur dəhlizinin reallaşmasında ölkəmizin rolundan bəhs edib. O, bu il Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinin qeyd olunduğunu xatırladaraq, bunun dövlətçiliyimizin və hüquqi müstəqilliyimizin mühüm göstəricisi olduğunu bildirib. Deputat, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərini, Qarabağ Universitetinin təsisini, eləcə də beynəlxalq idman tədbirlərinin Xankəndidə keçirilməsini Zəfərimizin siyasi, mədəni və elmi həyatda yaratdığı yeni mərhələnin nümunəsi kimi dəyərləndirib.
Görüşdə iştirak edən 44 günlük Vətən müharibəsi qaziləri – Rza Əlirzayev, Ümman Məmmədov və Ceyhun Bayramov döyüş xatirələrini bölüşüblər. Onlar Vətən müharibəsi zamanı keçdikləri döyüş yolundan, silahdaşlarının qəhrəmanlığından və birliyin gücündən danışıblar. Qazilər bu cür tədbirlərin gənclərin milli ruhda formalaşmasına, vətənə sevgi hissinin daha da güclənməsinə xidmət etdiyini bildiriblər.
Tədbirdə çıxış edən Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov qeyd edib ki, Zəfər Günü Azərbaycanın müasir tarixində ən parlaq səhifələrdən biridir və bu qələbənin əsas memarları sırasında dövlətinə, ordusuna və Ali Baş Komandana sadiq olan gənclər dayanır. O, son illərdə gənclərin vətənpərvərlik tərbiyəsi, fiziki hazırlığı və intellektual inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
İsmayıl İmanov bildirib ki, bu gün Naxçıvan gəncləri təkcə idmanda və təhsildə deyil, ictimai həyatda da fəal mövqe nümayiş etdirir, dövlətimizin gələcəyinin etibarlı dayağı kimi formalaşır.
Daha sonra məktəbin gənc müəllimi Təbriz Qurbanov çıxış edərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının hər bir müəllimin mənəvi borcu olduğunu vurğulayıb. O, Zəfər tarixinin gənclər üçün örnək bir məktəb olduğunu qeyd edib.
Görüşün sonunda iştirakçılar Culfa rayonunun Ləkətağ kəndinə gələrək şəhid Babək Əliyevin məzarını və yaşadığı evi ziyarət ediblər. Ziyarət zamanı şəhidin ailəsinə hörmət və ehtiram nümayiş etdirilib.