Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib - FOTOLAR
Şərur rayonu
Mart ayının 19-da Şərur şəhərində də ümumrayon bayram şənliyi keçirilib. Əvvəlcədən baharı, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş meydanda rayon Mədəniyyət Şöbəsi musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb.
Tədbirin aparıcıları rayonda həyata keçirilən sosialiqtisadi inkişafdan danışıblar. Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva ilə söhbətimiz zamanı dedi ki, müstəqillik illərində Şərur rayonunun 50-dək yaşayış məntəqəsində geniş quruculuq tədbirləri həyata keçirilib. Hazırda bir neçə kənddə yeni obyektlərin tikintisi davam etdirilir. Tədbirin musiqili-əyləncəli hissəsi başa çatdıqdan sonra qədim misgərlik, dulusçuluq və mətbəx nümunələrinin, toxuculuq məmulatlarının, kənd təsərrüfatı alətlərinin nümayiş etdirildiyi sərgiyə baxış olub. Sərgiyə Şərur şəhərindən və rayonun, demək olar ki, bütün kəndlərindən milli dəyərlərimizi əks etdirən nümunələr çıxarılmışdı. Şənlikdə arzular, diləklər də bildirilib, Dədə Qorqud babamızın müdrik kəlamları xatırlanıb: “Torpağımız bərəkətli olsun, tonqallarımız heç vaxt sönməsin!”
Babək rayonu
Babək rayonunda keçirilən bayram tədbirində rayonun mədəniyyət və incəsənət ustalarının ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambllarının ifaları, rayon Mədəniyyət Sarayının yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə yundarama, cəhrədə yunəyirmə, xalçatoxuma, kirkirədə qovutçəkmə, daşda ətdöymə kimi qədim el nümunələrimiz də nümayiş etdirilib. Rayonun məktəbdənkənar müəssisələri üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib, iaşə xidməti göstərilib. Qeyd edək ki, rayonun iri yaşayış məntəqələri olan Nehrəm və Cəhri kəndlərində də bayram şənlikləri təşkil edilib.
Ordubad rayonu
Ordubad rayonunda da bayram şənliyi yüksək səviyyədə keçirilib. Rayon mərkəzindəki tədbirlər meydanında təşkil olunan şənlikdə Ordubad mətbəxinin inciləri sayılan məcmeyi paxlavası, şəkərbura, qayğanaq, alana, sucuq, miyanpur, bir-birindən ləziz Ordubad yeməkləri, səmənilər, sənətkarların əl işləri, qədim məişət avadanlıqları göz oxşayırdı. Aparıcılar vurğulayıblar ki, bu gün muxtar respublikamızda Novruz bayramı xüsusi təmtəraqla keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli dəyərlərimizə hörmət və ehtiramı Novruzun ümumxalq şənliyinə çevrilməsini təmin edib. Xalq yaradıcılığı günləri çərçivəsində muxtar respublikamızda birbirindən maraqlı tədbirlərin keçirilməsi Novruz bayramının ümumxalq şənliyinə çevrilməsinin göstəricisidir. Tədbirdə rayonun musiqi kollektivlərinin rəngarəng, maraqlı çıxışları olub.
Culfa rayonu
Culfa şəhərindəki Mədəniyyət parkında ümumrayon şənliyi keçirilib. Parkdakı meydanda üzərində xalq yaradıcılığı nümunələri – misgərlik, dulusçuluq, toxuculuq, rəsm əsərləri və milli yeməklər olan masalar düzülüb, qədim xalçalarımız sərgilənib. Meydanın ortasında tonqal qurulub. Ulu Dədə Qorqud musiqinin müşayiətilə meydana daxil olaraq tədbir iştirakçılarını salamlayıb. TədbirdəCulfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Xudiyeva ilə həmsöhbət olduq. O, Novruzun xalqımızın yaranışı qədər qədim olduğunu söyləyərək qeyd etdi ki, zamanın müxtəlif dönəmlərində bu sevimli bayramımıza qadağalar qoyulsa da, Novruz ruhumuza hoparaq milli dəyərlərimizi toplu halında günümüzə qədər yaşadıb. Xalqımız öz müstəqilliyinə qovuşduqdan sonra Novruz bayramı da yüksək səviyyədə qeyd edilir. Bayram şənliyi xoş ovqatla davam edib. Kosa, Keçəl və Keçinin məzhəkəli oyunu, rayonun musiqi kollektivlərinin ifa etdikləri mahnı və rəqslər bayram əhval-ruhiyyəsini daha da təravətli edib.
Kəngərli rayonu
Kəngərli rayonunda da Novruz yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Rayon Mədəniyyət Sarayının “Kəngər” instrumental ansamblının və rayon uşaq musiqi məktəbləri kollektivlərinin müşayiəti ilə müğənnilərin oxuduqları şən mahnılar tamaşaçılara xoş ovqat bəxş edib. Vurğulanıb ki, bu günlər Kəngərli rаyonunun sakinləri üçün həm də əlamətdar tarixlərdən biridir. Çünki bu rаyon Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Bu barədə də bayram şənliyində ətraflı məlumat verilib. Bu il yaranmasının 95 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının ən gənc rayonu olan Kəngərlidə ikiqat bayram havası yaşanır. Yaradıldığı gündən ötən müddət ərzində Kəngərli rayonu böyük inkişaf yolu keçib. Beləcə, təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət rəmzi olan Novruz bayramı münasibətilə keçirilən ümumrayon şənliyi yüksək səviyyədə təşkili ilə yadda qalıb, hər kəs bu tədbirdən xoştəəssüratla,sevinc hissləri ilə ayrılıb.
Şahbuz rayonu
Şahbuz şəhərində təşkil olunan Novruz şənliyində rayon Mədəniyyət Sarayının “Batabat” instrumental ansamblının solistlərindən Bəhruz Quliyev, Bayram Qubadlı, Mürsəl Tağılı və başqalarının ifasında səslənən mahnılar alqışlarla qarşılandı. İncəsənət ustalarının baharı,Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılırdı. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. Bayramın əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərindən, duzlu-məzəli çıxışlarından sonra kənd mədəniyyət evlərində fəaliyyət göstərən folklor qrupları öz bacarıqlarını göstərdilər. Bayram günü şəhərdəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunmuş geniş iaşə və ticarət xidmətləri, qoğallı, paxlavalı çay süfrəsi burada yazı birgə qarşılayan şahbuzlular üçün əsl asudə vaxt və məzmunlu istirahət ab-havası yaratmışdı.
Sədərək rayonu
Sədərək rayonunda keçirilən tədbirdə qeyd olunub ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Tədbirdə rayonun mədəniyyət kollektivləri xalqımızın Novruz adətənənələrini, qədim el sənətkarlığı nümunələrini nümayiş etdiriblər. Sonra tədbir iştirakçıları Kosa və Keçəlin sərgüzəştlərinə tamaşa ediblər. Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Tədbir iştirakçıları xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxıblar. Sədərək Kənd Mərkəzində də bayram tədbiri keçirilib.