Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibətilə tədbir təşkil edilib.
Bu barədə NUHÇIXAN-a nümayəndəlikdən məlumat verilib.
Qeyd olunub ki, daimi nümayəndəliyin kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbirdə nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış Zəfər Günü hər il böyük təntənə ilə qeyd edilir. O vurğulayıb ki, noyabrın 8-i Azərbaycan xalqının milli qürurunun, birliyinin və əzmkarlığının rəmzidir:”Vətən müharibəsində qazanılan hərbi Qələbə, xüsusilə Şuşanın azad edilməsi mühüm əhəmiyyətə malikdir. Bu əhəmiyyətli gün Prezident İlham Əliyev tərəfindən əbədiləşdirilib. Dövlətimizin başçısının Sərəncamına əsasən, noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur”.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, 2019-cu ildən etibarən Ermənistanın təxribatçı bəyanat və addımları danışıqlar prosesini pozaraq yeni müharibəyə hazırlaşdığını göstərirdi. Ermənistanın növbəti təcavüzünə cavab olaraq isə Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də haqq və ədalətin bərpası naminə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən döyüşlərdə yüzlərlə yaşayış məntəqəsi azad edilib. Şuşanın azadlığı Vətən müharibəsinin zirvəsi olub.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasət barədə danışan daimi nümayəndə bunun Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı olduğunu bildirib. “Bu işdə Prezidentin ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevadır. Birinci vitse-prezidentin humanizmə, milli-mənəvi dəyərlərə sadiq fəaliyyəti, dövlətçiliyin möhkəmlənməsindəki rolu xalq tərəfindən yüksək qiymətləndirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərir”, - deyə o qeyd edib.
Bəxtiyar Əsgərov deyib ki, bu gün azad Qarabağ torpaqlarında yeni həyat başlayıb:”Zəfərdən sonra “Böyük Qayıdış” prosesi çərçivəsində ailələr doğma yurdlarına qayıdırlar, Qarabağda həyat yenidən canlanır, bərpa və yenidənqurma işləri görülür. Azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir, Qarabağ gələcəyin rəmzinə çevrilir”.
O qeyd edib ki, bu gün Zəfər bayramı ilə yanaşı, Bayraq Günü də təntənə ilə qeyd olunur:”Bayraq millətin şərəf və ləyaqətinin ifadəsidir, Azərbaycanın üçrəngli Bayrağı ən yüksək zirvələrdə dalğalanır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir””.
Nümayəndəliyin rəhbəri bildirib ki, Azərbaycan xalqı tarixi Zəfərə imza ataraq haqqın və ədalətin təntənəsini təmin edib. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə Azərbaycan tarixinin qızıl səhifəsinə yazıldı. Xalq, ordu və rəhbər birliyi bu uğurun əsas dayağı oldu. Azərbaycan xalqı qazandığı bu tarixi Qələbə ilə öz milli birliyinə, dövlətinə və ordusuna sarsılmaz inamını bir daha nümayiş etdirdi. Bu Qələbə haqqın, ədalətin və milli ləyaqətin təntənəsidir, xalqımızın qəlbində əbədi yaşayacaq”.
O əlavə edib ki, dövlət siyasətinin xalq tərəfindən tam dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nəticəsidir. “Azərbaycan xalqı dövlətimizin başçısının ətrafında bir yumruq kimi birləşərək milli həmrəyliyi və gücü, dövlət iradəsini nümayiş etdirir. Bu birlik bizi Qələbəyə qovuşdurdu və Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Bu Qələbəni, Zəfəri bizə yaşadan Ulu Öndər Heydər Əliyevin siyasi kursu, onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir”, – deyə o diqqətə çatdırıb.
Tədbir digər çıxışlarla davam edib.