Səlahiyyətli nümayəndə hərbi paradı izləyib, istedadlı uşaqların rəsm sərgisi ilə tanış olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, noyabrın 8-də ölkəmizdə Zəfər Günü böyük təntənə ilə qeyd edilib, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.
Möhtəşəm Hərbi parad Naxçıvan şəhərində quraşdırılmış böyük monitorlar vasitəsilə canlı təqdim olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimaiyyət nümayəndələri ilə birlikdə Hərbi paradı izləyib.
Həmin gün Heydər Əliyev Muzeyinin önündə Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbinin şagirdləri işğaldan azad olunmuş rayonlarımıza həsr olunmuş maraqlı kompozisiya nümayiş etdiriblər.
Sonra səlahiyyətli nümayəndə istedadlı şagirdlərin Zəfər Gününə həsr olunmuş rəsm sərgisi ilə tanış olub. Naxçıvan şəhərindəki ümumtəhsil, incəsənət məktəblərinin, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Məktəbi və Ərtoğrol Cavid adına Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri şanlı qələbəmizi, Müzəffər ordumuzu və sülh motivlərini əks etdirən, müxtəlif üsulda işlənmiş 50-ə yaxın rəsm əsəri təqdim ediblər.