Dünya ölkələrinin milli kimliyini özündə ehtiva edən dövlət bayraqları içərisində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı hər birimiz üçün müqəddəsliyin ən ali simvoludur. Bu rəmz təkcə bir parça deyil, həm də milli ruhumuzun və istiqlalımızın təcəssümüdür. Hüquqi baxımdan nəzər saldıqda görürük ki, Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə əsasən dövlət rəmzlərimiz Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himnidir. Konstitusiyasımızın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bir sözlə, şəhidlərimizin qanı, dahilərimizin mürəkkəbi ilə yoğrulmuş bu müqəddəslik simvollarımıza əbədi hörmət hər birimizin vətəndaşlıq borcu və milli vicdanıdır.
1918-ci il noyabrın 9-dan varlığını sürdürən bayrağımıza yeni həyatı Ümummilli Lider Heydər Əliyev bəxş etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında cəsarətli və tarixi bir vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edib. Bu da müstəqilliyə gedən yolun təməl daşlarından biri idi.
Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideologiyasını, Azərbaycançılıq məfkurəsini uğurla davam etdirib zəfərlə yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltmış və hərbçilərlə görüşdə demişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan Bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan Bayrağı dalğalanır”.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləmişdir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq”.
Bu gün dövlət suverenliyimizin rəmzi olan bayrağımız Azərbaycan Respublikasının hər bir nöqtəsində əminliklə dalğalanır. Uşaqdan böyüyə hər birimizin milli qüruru olan bayrağımız beynəlxalq siyasi arenalarda, intellektual və idman yarışlarında ən layiqli yerlərdə ucaldılır. Başımız üzərində qürurla dalğalanan bayrağımız müharibələrdə döyüşçülərimiz üçün məqsəd, ruh və mayak olub. Məhz buna görə də Azərbaycan bayrağı min illər də keçsə tariximizin silinməz yadigarı, Qələbələrimizin simvolu kimi yaddaşlara həkk olunub. Məhz buna görə Azərbaycan bayrağı min illər də keçsə, tariximizin silinməz yadigarı, böyük Qələbələrimizin əbədi simvolu kimi yaddaşlara həkk olunub.
Dövlət Bayrağı Gününüz mübarək! Üçrəngli bayrağımız daima uca olsun!
Nəriman Nəcəfov
