“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər keçirib - FOTOLAR

A- A A+

Çoxəsrlik tariximizin ən şərəfli və qürurlu səhifələrindən biri olan 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilib.

Silsilə tədbirlər çərçivəsində Birinci Fəxri xiyabana ziyarət, Heydər Əliyev Sarayında “Zəfər Andı” adlı ədəbi-bədii gecə, şəhid övladları üçün yaradıcı master-klasslar və Qayıdış könüllülərinin iştirakı ilə işğaldan azad edilmiş Ağdam və Cəbrayıl şəhərlərində müxtəlif tədbirlər təşkil olunub.

İlk olaraq təşkilat nümayəndələri, qazilər, üzv və könüllü gənclər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinə hörmətlərini ifadə ediblər.

Tədbirlər planına əsasən Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər Andı” adlı ədəbi – bədii gecə keçirilib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, şəhid ailələri, qazilər və gənclər də daxil olmaqla 2000-ə yaxın şəxs iştirak edib. Çıxışlardan sonra tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında “Zəfər Andı” bədii kompozisiyası ilə davam edib. Kompozisiyada Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar, Vətən Müharibəsi və antiterror əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun və “Norm” ASC-nin dəstəyi, “Böyük Qayıdış” Gənclər təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün yaradıcı master-klasslar təşkil edilib. Master-klasslar zamanı uşaqlar təlimçilərin köməyi ilə kətan çanta və kətan tablo üzərində rəsmlər çəkərək, həmçinin gil fiqurları boyayaraq əyləncəli vaxt keçiriblər. Sonda hər bir şəhid övladına hazırladıqları əl işləri və müxtəlif hədiyyələr təqdim edilib.

Tədbirlərin davamı olaraq Qayıdış könüllüləri Ağdam rayonunun Xıdırlı kəndində ağacəkmə aksiyası keçiriblər. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, "AzInTelecom" MMC-nin dəstəyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan aksiyada Ağdam rayonunun torpaq-iqlim şəraitinə uyğun, xüsusi ayrılmış ərazidə 550 ədəd ağac əkilib.

Həmçinin “Qayıdış Könüllüləri” Proqramının “Cəbrayıl Könüllüləri” qrupu Zəfər Günü münasibətilə Cəbrayılda keçirilən bayram tədbirlərinin təşkilində, “Ağdam Könüllüləri” qrupu isə Ağdam rayonunda “Zəfər” yarmarkasının və bayram tədbirlərinin təşkilində iştirak edib, könüllü dəstəyi göstəriblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbəni, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasının tarixi əhəmiyyətini, qalib Azərbaycan xalqının qələbədəki rolunu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrini gənc nəslə ətraflı şəkildə çatdırmaqdan ibarət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: