“Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Müasir dövrdə ictimai həyatın və cəmiyyətin sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycanda həyata keçirilən mütərəqqi inkişaf prosesləri, institusional yeniliklər və davamlı islahatlar çərçivəsində hüquqi dövlət konsepsiyası dayanıqlı inkişafın fundamental prinsipi qismində mühüm əhəmiyyət kəsb etməkdədir. Cənubi Qafqaz regionunda lider mövqeyə malik olan və son beş il ərzində bölgədə mühüm siyasi-iqtisadi reallıqların formalaşmasında fəal iştirak edən Azərbaycan Respublikası öz inkişaf strategiyasını milli maraqlara və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə, prioritet istiqamətlər üzrə müəyyənləşdirmişdir.
Azərbaycan xalqının suverenliyinə əsaslanan hüquqi dövlət quruculuğu, konstitusion hüquqi münasibətlər sisteminin formalaşdırılması və bu hüquqların ölkənin bütün ərazisində bərpa olunması müasir dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi qələbə və sonrakı dövrdə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpası təmin olunmuş, bununla da müasir Azərbaycanın inkişafında yeni strateji mərhələnin əsası qoyulmuşdur.
Hazırda Azərbaycan dövlətçiliyi və xalqı üçün mühüm ictimai-siyasi əhəmiyyətə malik tarixi hadisənin növbəti ildönümü qeyd olunur. Belə ki, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın qəbul edilməsi dövlət müstəqilliyinin ilkin mərhələsində əldə olunmuş ən mühüm nailiyyətlərdən biri olmaqla, ölkədə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində tamamilə yeni mərhələnin əsasını qoymuşdur.
Əldə olunmuş nailiyyətlər fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 28-də imzalanmış Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi düşüncənin inkişafı və milli suverenliyin təbliği baxımından strateji əhəmiyyət kəsb edən mühüm qərar kimi qiymətləndirilir.
Xüsusi vurğulanmalıdır ki, Konstitusiyanın qəbulunun 30-cu ildönümünün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin 5-ci ildönümü ilə üst-üstə düşməsi Konstitusiya Gününün ictimai-siyasi və mənəvi əhəmiyyətini daha da artırır.
1993-cü ildə Azərbaycan xalqının təkidli çağırışlarına cavab olaraq yenidən siyasi rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkənin dərin ictimai-siyasi böhranla üzləşdiyi, dövlətçiliyin ciddi təhlükə altında olduğu bir dövrdə həyatını riskə ataraq milli dövlətçiliyin xilaskarı kimi tarixə daxil olmuşdur.
Ulu öndərin rəhbərliyi ilə ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuş, daxili siyasi sabitlik təmin edilmiş, iqtisadi siyasətin prioritet istiqamətləri müəyyənləşdirilmiş və kompleks islahatların həyata keçirilməsinə imkan verən möhkəm qanunvericilik bazası yaradılmışdır. Bu mərhələ müstəqil dövlət quruculuğunun hüquqi əsaslarının möhkəmləndirilməsi və demokratik institutların təşəkkülü baxımından strateji əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli, 1048 nömrəli Qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi altında yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq edilmişdir. Komissiyanın tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri, tanınmış hüquqşünaslar, elm və ictimai-siyasi xadimlər daxil edilmişdir. Ümummilli Lider layihənin hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, hüquqi, siyasi və ideoloji baxımdan yetkin sənədin hazırlanması üçün dəyərli tövsiyələr vermiş, ictimai müzakirələrin təşkili ilə Konstitusiya layihəsinin legitimliyini və xalq iradəsinə əsaslanmasını təmin etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə hüquqi qüvvəyə minmişdir. İlk milli Konstitusiyanın dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd olunmağa başlanmışdır.
1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malik ictimai-siyasi hadisədir. Yeni Konstitusiyanın qəbulu, eyni zamanda, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunmuş nailiyyətlərin hüquqi əsasını təşkil etmişdir.
Konstitusiyanın Preambulasında Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşun təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, qanunun aliliyinə əsaslanan hüquqi və dünyəvi dövlətin qurulması, sosial ədalətə və layiqli həyat səviyyəsinə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik və beynəlxalq əməkdaşlıq prinsipləri bəyan edilmişdir.
Hər bir demokratik dövlətin Əsas Qanunu hüquq sisteminin təməlini təşkil etməklə, cəmiyyətdə siyasi sabitliyin və hüquqi müəyyənliyin təminatçısı qismində çıxış edir. Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu təsbit edir, öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyən etməyi və idarəetmə formasını seçməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyır. Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi elan edir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi hüquqi mexanizmləri geniş şəkildə əks olunmuşdur. Konstitusiyada bu hüquq və azadlıqlar dövlət tərəfindən verilən imtiyazlar kimi deyil, hər bir şəxsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi təsbit edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının təminatına xüsusi yer ayrılmışdır. Əsas Qanunun ən geniş fəsli bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Həmin fəsildə demokratik, hüquqi dövlətin əsasını təşkil edən hüquq və azadlıqlar, onların həyata keçirilmə mexanizmləri, eləcə də ayrı-ayrı hüquqların beynəlxalq standartlara uyğun şəkildə qanuni məhdudlaşdırılmasının hüquqi çərçivəsi müəyyən edilmişdir.
Konstitusiyanın hüquqi əlamətlərindən biri onun sabitliyidir. Əsas Qanun uzunmüddətli hüquqi qüvvəyə malik olmaqla, dövlətin və cəmiyyətin strateji inkişafını təmin edən normativ aktdır. Bununla belə, Konstitusiya ictimai həyatın dinamikasına uyğun olaraq, canlı hüquqi sistem kimi inkişaf edir. Müasir cəmiyyətin, dövlətin və beynəlxalq münasibətlərin dəyişən tələbləri konstitusiyaların da zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müvafiq əlavə və dəyişikliklərin edilməsini labüd edir.
Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsvermələri referendumlar nəticəsində bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir. İlk dəfə 2002-ci ildə həyata keçirilmiş konstitusiya islahatlarına olan ehtiyac ölkədə müşahidə olunan sürətli sosial, iqtisadi və institusional inkişafla bağlı yaranmışdır.
Həmin referendumlar çərçivəsində Əsas Qanunun bir sıra maddələrinə əlavə və dəyişikliklərin edilməsi, müvafiq dövr üçün ictimai münasibətlərin daha səmərəli hüquqi tənzimlənməsini təmin etmək məqsədilə həyata keçirilən konstitusiya islahatlarının tərkib hissəsi olmuşdur. Bu dəyişikliklər çərçivəsində Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi, apellyasiya instansiyası məhkəmələrinin yaradılması, eləcə də İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, Konstitusiyaya edilmiş həmin dəyişikliklər nəticəsində İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), məhkəmələr və hüquqi və fiziki şəxslər Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişdir ki, bu da hüquqi müdafiə mexanizmlərinin genişləndirilməsi baxımından mühüm addım olmuşdur.
Tarixi baxımdan qısa zaman kəsiyində Azərbaycan dövləti əsrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürütmək qabiliyyətinə malik, dayanıqlı iqtisadi sistemə sahib, beynəlxalq birliyin tamhüquqlu üzvü olan nüfuzlu dövlətdir. Azərbaycan Respublikası özünü qlobal platformalarda haqlı mövqeyini ifadə edən, onu qətiyyətlə qoruyan, zəngin iqtisadi potensiala malik və regional lider statusunu təsdiqləmiş dövlət kimi tanıtmışdır. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olan Azərbaycan qlobal xarakterli strateji təşəbbüslərin təkcə iştirakçısı deyil, həm də təşəbbüskarı qismində çıxış edir.
Bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və hərtərəfli düşünülmüş daxili və xarici siyasət strategiyası dayanır. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi müasir Azərbaycan Respublikasının inkişaf strategiyasının nəzəri və praktik əsasını təşkil edərək dövlətimizin tarixində ən qüdrətli mərhələnin formalaşmasına zəmin yaratmışdır.
Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş, xalqımızın qürur mənbəyinə çevrilmişdir. Bu Qələbə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində mümkün olmuşdur. Dövlət başçısının ifadə etdiyi kimi: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.”
Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, təbliği və təmin edilməsi istiqamətində həyata keçirilmiş beynəlxalq layihələr və mühüm hüquqi islahatlar, eləcə də müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial, iqtisadi və hüquqi islahatlar bir daha təsdiqləyir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik konsepsiyası və onun əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin sabit inkişafının, milli həmrəyliyinin və insan hüquqlarının təminatının əsas hüquqi təminatçısıdır.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin ali hüquqi aktı deyil, eyni zamanda xalqın iradəsinin, milli dəyərlərin və universal insan hüquqlarının təcəssümü kimi müstəqil dövlətçiliyimizin dayanıqlı gələcəyinə yönəlmiş strateji sənəd olaraq öz əhəmiyyətini qorumaqda davam edir. Konstitusiya quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər, dövlət suverenliyinin tam bərpası və hüquqi islahatların ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafını təmin etmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu tarixi prosesin davamlılığını və strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Bu kontekstdə Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünün qeyd olunması yalnız hüquqi yaddaşın təzələnməsi deyil, həm də dövlətçilik ideallarına sadiqliyin, xalq iradəsinə hörmətin və hüququn aliliyinə bağlılığın rəmzi kimi çıxış edir. Azərbaycanın gələcək inkişafı da məhz bu prinsiplərə əsaslanaraq daha güclü, daha ədalətli və daha sabit hüquqi sistemin qurulması ilə təmin olunacaqdır.
Qasım Bayramov
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbəri
