NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir. Növbəti monitorinq Babək rayonunun Məmmədrza Dizə, Məzrə, Vayxır və Xalxal kəndlərində aparılıb.
Əvvəlcə kəndlərin ərazisində əkilən ağaclara və otlaqlara baxış keçirilib. Məlum olub ki, kəndlərdə yaşıllıqlara vaxtı-vaxtında qulluq göstərilir, həmin ərazilər təmiz saxlanılır və tullantı qutuları zamanında boşaldılır.
Vayxır kəndində aparılan monitorinqdə isə bu yaşayış məntəqəsinin arxlarında və başqa ərzilərdə məişəttullantılarına rast gəlinib. Tullantıların təmizlənməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.
Vayxır kəndinin yaxınlığında yerləşən məişət tullantıları poliqonunda aparılan yoxlamalar zamanı tullantıların vaxtı-vaxtında basdırılmadığı və dezinfeksiya işlərinin aparılmadığı da müşahidə edilib.
Monitorinq iştirakçıları tərəfindən Naxçıvançaydan analizlər götürülərək yoxlanılıb. Yoxlama zamanı suyun tərkibindəki hidrogenin və həll olunmuş oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədbirlər Planına uyğun olaraq monitorinqlər il ərzində digər rayonlarda da davam etdiriləcək.
Ərhan Novruzov