Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar respublikanın universitetlərində təhsil alan əcnəbi tələbələr də iştirak edirlər.
Koreya Respublikasının vətəndaşı olan Li Jin hazırda Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistrantıdır. O bildirib ki, dünyada yaşayan müxtəlif xalqların mədəniyyəti, adət-ənənələri, milli dəyərləri hər zaman xüsusi marağına səbəb olub: “Bir çox ölkələrdə olmuşam, bunlarla yaxından maraqlanmışam. Lakin heç bir yerdə Naxçıvanda olduğu kimi bayramlarda, xüsusilə də Novruz bayramında insanlarda olan ruh yüksəkliyi, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiramla rastlaşmamışam. Naxçıvanqalada keçirilən ümumxalq şənlikləri bunun ən gözəl nümunəsidir.
Bakalavr təhsili ilini də nəzərə alsaq, artıq 6 ildən çoxdur ki, Naxçıvanda yaşayıram. Burada olduğum müddətdə şən əhval-ruhiyyə ilə keçirilən bu bayramda rastlaşdığım adət-ənənələr, bir-birindən ləziz təamlar bu ölkənin nə qədər zəngin mədəniyyətə malik olduğunu sübut edir. Əvvəlki illərdə olduğu kimi, bu Novruz bayramını da naxçıvanlı dostlarımızla birlikdə qeyd edirik”.
Digər tələbə isə Nigeriya Respublikasının vətəndaşı, Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə I kurs tələbəsi Yusuf Abdullahidir. O deyib: “Bizim ölkədə bu bayram qeyd edilmədiyindən, sözün açığı, əvvəllər Novruzla bağlı təəssüratlarım çox az idi. Tələbə teatr studiyasında bayram tədbiri üçün hazırlanan səhnəciklərdə iştirakım zamanı zəngin bayram ənənələrini əks etdirən müxtəlif maraqlı adətlər, Keçəl, Kosa personajları, Novruz oyunları mənə olduqca maraqlı gəldi. Ümumi götürdükdə onu deyə bilərəm ki, bu diyar qədim tarixi, zəngin incəsənəti və mədəniyyəti, özünəməxsus adət-ənənələri ilə seçilir. İnsanların qonaqpərvərliyi, mehribanlığı və səmimiyyəti isə Naxçıvanı bizə daha çox sevdirir”.
Türkiyə vətəndaşı, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin müalicə işi ixtisası üzrə hazırlıq kursunun dinləyicisi İlayda Tabaru bayramla bağlı qeyd edib ki, bir neçə dəfə Novruz bayramını burada keçirib. Bu bayram Türkiyədə də qeyd olunur, lakin Naxçıvanda bayram ab-havası daha fərqli hiss olunur, xüsusilə kütləvi xarakter daşıyır. O, bayramla bağlı adət-ənənələri, bişirilən milli yeməkləri çox bəyəndiyini söyləyib. Eyni zamanda, bildirib ki, Novruzla bağlı bayram tədbirləri, el şənlikləri maraqlı keçir.
Həmin universitetin Stomatologiya ixtisası üzrə I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı Jahagir Nouran Rouhollah isə deyib ki, qədim el bayramı olan Novruz İranda da qeyd edilir. Lakin Azərbaycanda, eləcə də Naxçıvanda bu bayram daha böyük el şənlikləri ilə müşayiət olunur. Hər kəs bayrama xüsusi olaraq hazırlaşır. Adət-ənənələr lazımınca təbliğ olunur. Naxçıvanda bu bayramın geniş şəkildə, həm də yüksək səviyyədə keçirilməsinin nəticəsidir ki, İran İslam Respublikasından da hər il bu bayramı qeyd etmək üçün bura xeyli insan gəlir. “Bu il də belə oldu. Naxçıvanqalada keçirilən şənliklərdə onlarla iranlı iştirak etdi”, – deyə o bildirib.