Musiqinin, Yaddaşın və İşığın Şəhəri: - Yeni Ağdamın Salnaməsi

A- A A+

Ağdam adı bu torpağın yaddaşına yalnız coğrafi məfhum kimi deyil, həm də mədəniyyət və mənəviyyat rəmzi kimi yazılıb. Adın əvvəlindəki “ağ” saflığı, aydınlığı, günəşin nurunu xatırladır. “Dam” isə qədim türklərin inşa etdiyi kiçik müdafiə tikililərindən tutmuş, bir ocağın başını örtən ev damına qədər çoxqatlı məna daşıyır. Bu iki söz bir araya gəldikdə Ağdam həm “işıqlı ev”, həm də “uca qala” anlamını verir və hər iki izah şəhərin taleyinə sanki əvvəlcədən yazılmış bir həqiqət kimi uyğun gəlir.

XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın burada ağ daşdan tikdirdiyi möhtəşəm imarət uzun illər bölgəyə yol göstərən mədəniyyət çırağı olmuşdur. Günəş şüaları altında işıldayan həmin tikili təkcə memarlıq nümunəsi deyil, həm də Qarabağ zövqünün, incəliyinin və estetik düşüncəsinin simvolu idi. Xalq arasında bu imarət “ağ dam” kimi tanındı və zaman keçdikcə bütün şəhərin adına çevrildi. Ağdam beləliklə həm tarixi, həm də poetik mənada qədim türk yaddaşı ilə işığın birləşdiyi bir məkan kimi formalaşdı.

Bu torpaq yalnız müasir dövrdə deyil, minilliklər əvvəl də mədəniyyət ocağı kimi seçilib. Üzərriktəpədə aparılan arxeoloji tədqiqatlar göstərir ki, Ağdam ərazisi Eneolit dövründə -təxminən 6-8 min il əvvəl - oturaq həyatın, əkinçilik və üzümçülüyün, ilkin sənətkarlıq nümunələrinin yaranıb inkişaf etdiyi məkana çevrilmişdir. Tədqiqatçılar Üzərriktəpəni Qafqazda “ilk şəhər tipli mədəni yaşayış yerlərindən biri” kimi səciyyələndirirlər. Bu fakt Ağdamın mədəniyyət tarixinin nə qədər qədim və köklü olduğunu təsdiqləyir.

Bir zamanlar dünyanın nadir mədəniyyət məkanlarından sayılan Çörək Muzeyi bu şəhəri beynəlxalq səviyyədə tanıdan ən önəmli dəyərlərdən idi. Çörəyin mifologiyada, gündəlik həyatda, təsərrüfatda və adət-ənənələrdəki rolunu özündə birləşdirən bu muzey unikal mədəniyyət nümunəsi idi. Ağdamın Cümə məscidi, Pənahəli xanın sarayı, Qarabağ xanlarının türbələri, Şahbulaq qalası isə Azərbaycan memarlıq irsinin canlı şahidlərinə çevrilmişdi.

1993-cü ildə Ağdam işğala məruz qaldıqdan sonra bu zəngin irs məqsədli şəkildə məhv edildi. Muzey od vurularaq yandırıldı, Cümə məscidi təhqir olundu, memarlıq və mədəniyyət ocaqları yerlə-yeksan edildi. Şəhər beynəlxalq mediada “Qafqazın Xirosiması” kimi adlandırıldı. Bu dağıntılar təkcə binaların yox edilməsi deyil, xalqın mədəni yaddaşına vurulan ağır zərbə idi.

2020-ci ilin 10 noyabr razılaşması Ağdamın döyüşsüz qaytarılmasına yol açdı və bununla Azərbaycan mədəni irsinin bərpası üçün yeni bir səhifə açıldı. 20 noyabr tarixinin Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu yurdun mədəni əhəmiyyətinin dövlət səviyyəsində tanınmasının açıq göstəricisidir. Bu gün Ağdamın azad edildiyi gün kimi deyil, onun mədəni kimliyinin yenidən həyat tapdığı gün kimi qeyd olunur.

2025-ci ildə qapılarını açan Ağdam Muğam Mərkəzi Qarabağ musiqi məktəbinin renessansı sayılır. 474 nəfərlik konsert zalı, tədris otaqları və amfiteatrı ilə bu mərkəz təkcə səhnə deyil, həm də bir sənət akademiyası funksiyasını daşıyır. Burada muğam yenidən Ağdamın ruhunda canlanır, ustad sənətkarlarla yanaşı gənc istedadlar da yetişir.

Pənahəli xanın sarayı, Qarabağ xanlarının türbələri və İmarət Kompleksi Ağdamın tarixində ən qiymətli mədəni irs nümunələrindəndir. İşğal dövründə yer üzündən silinmək təhlükəsi ilə üzləşən bu abidələr dövlət tərəfindən bərpa edilərək yenidən tarix səhnəsinə qaytarılır. Bu gün burada keçirilən rəsmi mərasimlər və beynəlxalq qonaqların ziyarətləri Ağdamın tədricən regional mədəniyyət mərkəzinə çevrildiyini təsdiqləyir.

Ağdamın 2040-cı ilədək inkişafını əhatə edən Baş Plan şəhəri Qarabağın yeni mədəniyyət paytaxtına çevirməyi hədəfləyir. Teatrların, sənət studiyalarının, sərgi məkanlarının, muzeylərin, kitabxanaların yaradılması planlaşdırılır. Artıq bir çox kəndlərdə mədəniyyət evləri, icma mərkəzləri, təhsil müəssisələri istifadəyə verilir. Hər açılış, hər bərpa olunan ocaq Ağdamın mədəniyyətlə yenidən nəfəs aldığını göstərir.

Qırğızıstan, Özbəkistan, ECO ölkələri və digər dövlət başçılarının Ağdama səfərləri bu məkanı təkcə milli deyil, regional mədəniyyət platformasına çevirir. Qarabağ atlarının “Zəfər” şousu, İmarət Kompleksində keçirilən təqdimatlar və bərpa olunan tarixi abidələrə göstərilən beynəlxalq maraq Ağdamın yenidən mədəniyyət xəritəsində ön sıralara yüksəldiyini nümayiş etdirir.

20 noyabr - Ağdam Şəhəri Günü bu gün artıq sadəcə bir tarix deyil; mədəniyyətin, kimliyin, yaddaşın, dirçəlişin təntənəsidir. Ağdam bu gün yenidən səslənən musiqi ocağıdır, bərpa olunmuş abidələr qalasıdır, öz doğmalarını qucaqlayan yurd yeridir. Qarabağın mədəniyyət tacı yenidən parlayır. Ağdam mədəniyyətlə yüksəlir, mədəniyyətlə ayağa qalxır və mədəniyyətlə gələcəyə doğru addımlayır.

 

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: