Sergey Murtuzəliyev – Azərbaycan Aviasiyasının Unudulmaz Qəhrəmanı

A- A A+

Azərbaycanın şanlı tarixində öz adı ilə əbədi olaraq qalan qəhrəmanlardan biri də Sergey Murtuzəliyevdir. O, 1963-cü il 17 noyabr tarixində Bakının Pirallahı qəsəbəsində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbinə daxil olaraq pilotluq peşəsinin sirlərini dərindən öyrənib. Məzun olduqdan sonra bir müddət Rusiyada hərbi xidmət keçib, daha sonra vətənə dönərək Kürdəmir Hərbi Aviasiya Alayında fəaliyyətə başlayıb. Qısa zaman ərzində Sergey Murtuzəliyev polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi başlayanda Sergey Murtuzəliyev də bütün qəhrəman Azərbaycan oğulları kimi döyüş meydanına atılıb. O, ən çətin döyüş bölgələrinə uçuşlar həyata keçirən pilotlardan biri olub. Sergey böyük qəhrəmanlıq göstərsə də, təəssüf ki, ömrü faciəli şəkildə yarımçıq qalıb. 1993-cü ilin avqust ayında təlim uçuşu zamanı baş vermiş qəza nəticəsində Sergey Murtuzəliyev qəhrəmancasına həlak olub və Dərbənd yaxınlığındakı Darğuş kəndində dəfn edilib.

Onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Kürdəmir Hərbi Aviasiya Alayında büstü ucaldılıb. Qəhrəmanın xidmətlərini yüksək qiymətləndirən Azərbaycan dövləti 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Murtuzəliyev Sergey Murtuzəli oğlunu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüb.

Sergey Murtuzəliyev bu gün də Azərbaycan gəncləri üçün nümunəvi bir qəhrəman olaraq yaddaşlarda yaşayır.

 

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: