Son illərdə türkdilli ölkələr arasında baş verən yaxınlaşma prosesi yalnız regional siyasətin deyil, həm də Avrasiya geosiyasətinin konturlarını dəyişən yeni bir mərhələnin başlanğıcını göstərir. Tarixi, mədəni və dil birliyindən doğan mənəvi yaxınlıq artıq siyasi koordinasiyaya, iqtisadi inteqrasiyaya və vahid təhlükəsizlik məkanının formalaşmasına doğru atılmış addımdır. Bu dönüşün lokomotivlərindən biri isə şübhəsiz ki, Azərbaycanın həyata keçirdiyi ardıcıl diplomatiya, enerji strategiyası və nəqliyyat siyasətidir.
2019–2024-cü illər türkdilli ölkələrin əməkdaşlığında sıçrayış dövrü kimi dəyərləndirilə bilər. Belə ki, yaxınlaşma prosesi bir neçə paralel xətt üzrə inkişaf etməkdədir. Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi sadəcə struktur dəyişikliyi deyil, həm də siyasi iradənin ifadəsi idi. Bu dəyişiklikdən sonra birgə qərarvermə mexanizmləri gücləndirildi, xarici siyasətdə koordinasiya artdı, regional məsələlərdə vahid mövqe nümayişi daha aydın görünməyə başladı. Bu proses Qarabağ müharibəsi dönəmində özünü daha dəqiq konturlarla göstərdi, türk dövlətləri Azərbaycanın ədalətli mövqeyini ardıcıl şəkildə müdafiə etdilər.
Türkdilli ölkələr arasında uğurla həyata keçirilən diplomatik-mədəni yaxınlaşma prosesləri nəticəsində türk dövlətləri arasında ticarət dövriyyəsi əhəmiyyətli artım göstərdi, enerji və nəqliyyat layihələrində əlaqələndirmə genişləndi, Orta Dəhliz-Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə xətti Avrasiyanın yeni strateji yoluna çevrildi. Azərbaycan bu dəhlizin həm qeydiyyatçısı, həm operatoru, həm də əsas təminatçısı kimi çıxış edir. Birgə əməkdaşlıq elm, təhsil, mədəniyyət sahələrini də əhatə etməklə yeni perspektivlər açmaqdadır. Təhsil mübadilələri, ortaq media platformaları, tarixi irs layihələri artıq vahid informasiya məkanının qurulduğunu göstərir.
Azərbaycan bu proseslərin hər birində strateji ağırlıq mərkəzinə çevrilib. Çünki, Azərbaycan Türk dünyasını Avropaya, Qara dəniz–Aralıq dənizi hövzəsinə, Cənubi Qafqaz geosiyasətinə bağlayan əsas körpüdür. Bu səbəbdən Xəzərin enerji resurslarının Avropaya nəqli yalnız iqtisadi deyil, siyasi əhəmiyyət daşıyır. Bu, Türk dünyasını qlobal enerji xəritəsində vahid platformaya çevirir. Çünki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl regional siyasəti türkdilli birliyin siyasi ritmini müəyyənləşdirən mühüm faktora çevrilib. Onun təşəbbüsləri TDT-nin institusional güclənməsində həlledici rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri TDT-nin hərtərəfli əlaqələrinin təkmilləşməsində yeni mərhələ kimi qiymətləndirilə bilər. Son iki gündə Özbəkistanda keçirilən görüşlər TDT tarixində ən strateji məqam kimi qiymətləndirilir. Toplantı təkcə simvolik deyil, həm də praktik qərarlar paketi ilə yadda qaldı.Görüşdə nələr yadda qaldı:
-Orta Dəhlizin gələcək xəritəsi müəyyən edildi. Dəhlizin modernləşdirilməsi, rəqəmsallaşdırılması, gömrük prosedurlarının vahidləşdirilməsi barədə razılıqlar əldə olunması Avrasiyada yeni logistika mərhələsi deməkdir.
-Təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanıldı. Regiondakı risklərin artması fonunda türk dövlətləri birgə fəaliyyət mexanizmlərini aktivləşdirirlər. Bu, TDT-nin gələcəkdə təhlükəsizlik platformasına çevrilə biləcəyinə işarədir.
-Siyasi mesajların fonunda birlik və özünəinam artdı. Türk dövlətlərinin qlobal proseslərdə öz sözünü demək niyyəti daha açıq şəkildə ifadə edildi.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin çıxışı birliyə, gücə çağırış mahiyyətli idi. Ölkə Prezidenti çıxışında bir neçə strateji mesaj verdi. İlham Əliyev qeyd etdi ki, Türk dövlətləri enerji, nəqliyyat və insan kapitalı baxımından özlüyündə böyük bir siyasi, iqtisadi blokdur. İlham Əliyev dəhlizin yalnız iqtisadi layihə olmadığını, həm də Türk dünyasının strateji birləşmə xətti olduğunu vurğuladı. Prezident bildirdi ki, Azərbaycan TDT çərçivəsində hər bir birgə təşəbbüsə hazırdır və birliyin güclənməsi Azərbaycanın milli strateji xəttinin tərkib hissəsidir. Çıxışın ən güclü mesajı birlik ruhunun modern siyasi sistemlərdən daha dayanıqlı olması fikri idi.
Son beş ildə türk dövlətləri arasında birgə əməkdaşlığın dərinləşməsi, uğurlu diplomatik əlaqələrin səmərəli bəhrələri və mövcud tendensiyalar göstərir ki, 2025-2030-cu illər Türk dünyasının vahid nəqliyyat məkanının formalaşdığı, enerji inteqrasiyasının tamamlandığı, siyasi koordinasiyanın dərinləşdiyi, mədəni-sivilizasiya birliyinin rəsmən tanındığı dövr olacaq. Bu yolun mərkəzində isə həm coğrafiyası, həm iqtisadi imkanları, həm də siyasi iradəsinə görə Azərbaycan dayanır.
Türkdilli ölkələrin son beş ildə keçdiyi yol tarixi prosesin sadəcə başlanğıcıdır. Siyasi iradə, səmərəli iqtisadi əməkdaşlıq və ortaq maraqlar Türk dünyasını qlobal miqyasda yeni aktora çevirir. Özbəkistan görüşü isə bu prosesin növbəti təkan mərhələsi oldu. Azərbaycan və onun lideri İlham Əliyev bu inkişafın həm ideoloji, həm də praktiki əsaslarını formalaşdıran əsas qüvvələrdən biri kimi çıxış edir. Hazırda Türk dünyası yeni mərhələyə qədəm qoyur. Bu mərhələ daha çox inteqrasiya, daha çox əməkdaşlıq və daha çox strateji güc deməkdir.
Əli Həşimov
Ali Məclisin deputatı
