Culfada yeni meyvə bağları salınır

A- A A+

Culfa rayonun  əlverişli təbii-coğrafi şəraiti, bərəkətli torpaqları təsərrüfatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə təminat yaradır. Yurdumuzun torpağa bağlı insanları becərdikləri tərəvəz və meyvələrin çeşidlərini ilbəil genişləndirirlər.

İpək yolunun üstündə yerləşən rayonda bağçılığın qədim tarixi vardır. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da üzüm, alma, cəviz, armud, iydə, ərik, alça, heyva, gilənar və s. meyvələr becərilib, bu meyvələr muxtar respublikamızda və onun hüdudlarından kənarlarda belə yüksək alıcılıq qabiliyyətinə malik olub. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikamızda kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafının davamlılığını təmin edir. Bu Dövlət Proqramı həm əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təsərrüfat adamlarının torpağa bağlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin yerli məhsullarla təmin olunmasında əhəmiyyətlidir.  

Cari ildə də rayonda yerli şəraitə uyğun yeni meyvə bağlarının salınması diqqətdə saxlanılıb və yazın ilıq nəfəsi duyulduqca bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Gülüstan və Camaldın kəndlərində meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınıb. Belə ki, İlyas İbrahimov Gülüstan kəndində 3 hektar ərik və göycə bağı salıb. Bələdiyyə fondunun torpağından müqavilə əsasında götürdüyü sahədə 1600 ədəd ərik, 200-dən artıq göycə tingləri əkib.

3 hektar sahədə əkilən ərik və göycə tingləri yerli şəraitə uyğun meyvə ağaclarıdır. İlyas İbrahimov qeyd edir ki, müxtəlif növ tingləri özümüz calaq üsulu ilə yetişdirmişik. Ümidvaram ki, ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərməklə iki-üç ilə bu bağdan məhsul əldə edəcəyik.

Camaldın kənd sakini Natiq Məmmədov da bələdiyyə torpaqları fondundan icarəyə götürdüyü 1,2 hektar sahədə 600 ədəd müxtəlif meyvə tingi və 200-dən artıq üzüm kolu əkərək bağ salıb. Söhbət zamanı N.Məmmədov qeyd etdi ki, tarixən kəndimizdə müxtəlif meyvə bağları olub. Burada becərilən meyvələr öz dadı və keyfiyyətinə görə tanınıb. Bu gün muxtar respublikamızda meyvəçiliyin inkişafına göstərilən diqqət və qayğı təsərrüfat adamlarını yeni-yeni bağlar salmağa ruhlandırır.

Onu da qeyd edək ki, rayonun bütün kəndlərində meyvəçiliyin inkişafı diqqət mərkəzində saxlanılır. Təsərrüfat adamları pay və bələdiyyə torpaqlarında meyvə bağlarının salınmasına üstünlük verirlər. Bağçılığın inkişaf etdirilməsi həm də yeni yaşıllıq zolaqlarının yaradılması deməkdir.

 

Ədalət CƏFƏROĞLU

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: