Ağdamın işğaldan azad edilməsinin beş ili tamam olur

A- A A+

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 44 gün davam edərək noyabrın 9-da başa çatıb. Bu müddətdə ordumuz 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ağdam şəhəri və rayonun işğal altında olan hissəsi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Bununla da Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Kəlbəcər rayonu 25 noyabrda, Laçın rayonu isə 1 dekabrda heç bir itki verilmədən Azərbaycana qaytarılıb.

Ağdamın işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edərək bu addımın üçtərəfli Bəyanatın nəticəsi olduğunu, rayonun 73 faizinin 27 il işğal altında qaldığını bildirib. Dövlət başçısı qeyd edib ki, Ağdamın geri qaytarılması Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində mümkün olub. Prezident vurğulayıb ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, qarşı tərəf könüllü şəkildə işğal etdiyi torpaqlardan çıxmazdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi təsis olunub. Həmçinin “Ağdamın azad olunmasına görə” medalı yaradılıb və döyüş əməliyyatlarında xüsusi şücaət göstərmiş hərbi qulluqçular həmin medalla təltif ediliblər.

Qeyd edək ki, Ağdam rayonu 23 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə şəhər və kəndlər tamamilə dağıdılıb, tarixi, mədəni və dini abidələr məhv edilib. 2001-ci ildə işğal zonasına səfər edən amerikalı jurnalist Tomas de Vaal dağıntıların miqyasına görə Ağdamı atom bombası nəticəsində dağıdılmış Xirosimaya bənzədib. Bu səbəbdən Ağdam “Qafqazın Xirosiması” adlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: