İlin ən gözəl fəsillərindən biri bahardır. Baharın gəlişi bizdə Novruz bayramı kimi qeyd olunur. Baharın ilk müjdəçisi qaranquşlar olsa da, onun əsas atributu yamyaşıl səmənidir. Səməni bahar gözəli, yaz pərisidir. Səməni xeyir, bərəkət simvolu, bolluq və firavanlıq rəmzidir. Hələ lap qədim zamanlardan ulu əcdadlarımız baharın gəlişini səməni ilə qeyd etmiş, qablarda səməni qoyaraq yetişdirmiş, onun bolluq və xeyir gətirəcəyinə, insanları xoşbəxtliyə və səadətə qovuşduracağına inanmışlar. Novruz bayramı baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Ta qədimdən bir çox Şərq xalqları, o cümlədən azərbaycanlılar Novruz bayramını ən təntənəli bir bayram kimi keçirir, onu möhtəşəm bir şəkildə qeyd edirlər. İnsanlar Novruzu şənliklərlə, nəğmələrlə qarşılayırlar:
Novruz, Novruz bahara,
Güllər, güllər nübara.
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun!
Bahar gəldi, bahar gəldi, xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Novruz bayramında azərbaycanlılar bayram süfrəsi açırlar. Bu süfrənin bəzəklərindən biri də səməni olur. Masanın üstünə cürbəcür xörəklər, çərəz və şirniyyatlarla yanaşı, səməni də qoyulur. Göyərdilmiş səmənidən halva da bişirirlər. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi salınır. Uşaqlar, cavanlar, qız-gəlinlər dəstə ilə səməni olan qabın dövrəsinə dolana-dolana səs-səsə verib belə bir nəğmə oxuyurlar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam...
Ancaq səmənini, sadəcə, Novruzun simvolu, bəzəyi zənn etmək olmaz. Səməni ilə sağlamlığınızın qayğısına qala bilərsiniz. Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə edilir.
Dünyaca məşhur həkimlər buğda cücərtisinin gənclik iksiri olduğunu bildirirlər. Bu qida immunitet sistemini gücləndirir, xərçəng riskini azaldır. Buğda cücərtisi sağlamlıq üçün ən faydalı maddələrdən biri olan “klorofil” ilə zəngindir. Buğda cücərtisində 17 fərqli amin turşusu, A, D, E, K vitaminləri, 92 növ mineral və bir çox ferment var. Buğda cücərtisinin ehtiva etdiyi klorofil hüceyrə və toxumaları təmizləyir, yeniləyir. Orqanizmdə toplanan kimyəvi maddələrin atılmasına kömək edir. Qaraciyəri təmizləyir.
Amerikalı həkimlər bildiriblər ki, təxminən, 6 kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yerkökü, kahı və ya kərəvizdən alınan şirə ilə eyni effektə malikdir. Orqanizmi toksinlərdən təmizləmək üçün buğda cücərtisindən daha yaxşı heç nə yoxdur. Buğda cücərtisi ağciyər üçün də faydalıdır. Belə ki, qan hüceyrələrinin sayını artırdığı üçün orqanizmin oksigenlə daha yaxşı təmin olunmasına səbəb olur.
Ürək-damar sistemini gücləndirən buğda cücərtisi arıqlamağa da kömək edir. Portağaldan 60 qat çox C vitamini, ispanaqdan 8 dəfə çox dəmir ehtiva edir.
Hər gün 1-2 stəkan buğda cücərtisi şirəsi içərək gənc və sağlam qalmaq mümkündür. Bu şirəni ağızda 5 dəqiqə saxladıqda diş ətini təmizləyir, dişləri gücləndirir. Buğda cücərtisi şirəsi ilə qarqara etdikdə isə boğaz iltihabı aradan qalxır. Buğda cücərtisinin yemək və şirəsini içmək saçların ağarmasını ləngidir.
Kəmalə İBRAHİMOVA,
Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi
“Oğuz yurdu” qəzeti