Naxçıvanda günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib - FOTOLAR
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi tərəfindən sistemli şəkildə aparılan silsilə tədbirlərin davamı olaraq Dövlət Radiotezliklər İdarəsi və Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində avtonom radiomonitorinq stansiyasının qurulması və istifadəyə verilməsi uğurla tamamlanıb.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, layihə çərçivəsində hər iki qurumun əməkdaşlarının səyi nəticəsində qısa müddətdə günəş panelli avtonom enerji sistemi üzərində qurulmuş, proqram təminatı əsaslı SDR radioqəbuledici və onun komplektləşdiricilərindən ibarət müasir radiomonitorinq stansiyasının layihələndirilməsi və montajı icra edilib. Stansiya vasitəsilə ilk dəfə olaraq məsafədən olmaqla real vaxt rejimində Naxçıvan şəhərində yerli və kənar radioyayımlara nəzarət imkanı əldə edilib.
Radiomonitorinq stansiyası tamamilə günəş enerjisi ilə fasiləsiz fəaliyyət göstərməklə 7/24 rejimdə qeyd edilən ərazidə radiotezlik spektrinə daha çevik şəkildə nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət Radiotezliklər İdarəsi və Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan bu layihə respublikada radiomonitorinq infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti uğurlu addımdır.