Uşaqlara yeni kitab töhfəmiz - FOTOLAR

A- A A+

Hər kəsin içində bir uşaq var- saf, təmiz, ləkəsiz. Hərdən o uşağı oyatmaq, dünyaya, həyata, insanlara onun gözüylə baxmaq lazımdır.

Və bizim uşaq ruhumuzu oyadan uşaq əsərlərinə hər zaman ehtiyac olub. Vaxtilə uşaq ədəbiyyatının ən gözəl nümunələrini yaradan M.Ə.Sabirin, A.Səhhətin, Abdulla Şaiqin  və digər yazarlarımızın şeirləri, hekayələri ilə böyüdük biz. Bəs müasir dövrdə uşaqlar üçün yaddaqalan ədəbi nümunələr yaradan şairlərimiz nə qədərdir? Mənimlə razılaşarsınız ki, barmaqla sayılacaq qədər. Zahid Xəlil, Rafiq  Yusifoğlu, Qəşəm Nəcəfzadə, Sevinc Nuruqızı, Mina Rəşid, və adını çəkmədiyim bir neçə nəfər var. Naxçıvan Ədəbi mühitində yaradıcılıqlarında uşaq ədəbiyyatına yer verən yazarlarımızdan İbrahim Yusifoğlunun, Məftunə Nurun, Elxan Yurdoğlunun və digərlərinin adını çəkə bilərik.

Bu günlərdə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında AQRA- Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə uşaqları sevindirəcək, düşündürəcək daha bir kitabın təqdimatı olub.

Uşaqların sevimli şairi Kamil Arazın yeni nəşr olunmuş “ Hamısı tapmacadir”  kitabı ictimaiyyətə və ədəbi mühitə təqdim olunub. 

Tədbiri giriş sözü ilə açan şair-publisist Təranə Arifqızı Kamil Arazı yeni kitabının nəşr olunması münasibəti ilə təbrik edib. Həmçinin dəyərli söz sahibinin bu il 70 yaşının tamam olduğunu vurğulayıb. Qeyd olunub ki, Kamil Arazın indiyə qədər “Nənəmin nəsihəti”, “Kəpənəklər”, “Tapmacalar”, “Şeirlər”, “Qəzəllər”, “Göydən üç alma düşdü”, “Göy qurşağı”, “Xəzinə” adlı səkkiz kitabı işıq üzü görüb. Kamil Araz qələmini bütövlükdə uşaqlara həsr edən şairlərimizdəndir. Və bu gün bu təqdimatı keçirməkdə əsas məqsədimiz şairin saf, təmiz, uşaqların dünyagörüşünün inkişafına hər mənada müsbət təsir göstərən ədəbi nümunələrini daha geniş auditoriyaya çatdırmaqdır.

Tədbirdə şair, filologiya üzrə fəlsəfə doktorudosent,  AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Yurdoğlu, “Elmin İnkişafına Dəstək”  İctimai Birliyinin sədri Mirələkbər Seyidov, Naxçıvan ədəbi mühitinin nümayəndələri Ümbülbanu Musayeva, Kirman Rüstəmli, Alməmməd Eldaroğlu, Sona Amal, Süleyman Rzazadə, Sevinc Azadlı, Xalq artistləri Həsən Ağasoy, Şirzad Abutalıbov, muxtar respublikanın əməkdar rəssamları Sabir Məmmədov, Həmzə Sadiqov, “Əcəmi” nəşriyyatının direktoru Pərvin Məmmədov və digər ziyalılar çıxış edərək, Kamil Araz yaradıcılığının məziyyətlərindən, yazı, dil üslubundan söz açıblar.

Kitaba “ İşarəni tapmacalardan gözləyin” başlıqlı ön söz yazan  Milli Məclisin deputatı, filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova şairi yubileyi və yeni kitabı münasibətilə  onlayn olaraq bir daha təbrik edib, ürək sözlərini çatdırıb.

 “Əcəmi Nəşriyyatı Poliqrafiya Birliyində” nəşr olunmuş kitabın üz qabığının illüstrsiyalarının müəllifi əməkdar rəssam Sabir Məmmədovdur.

Günəş Uşaq Akademiyasının balaca fidanları Kamil babanın şeirlərini söyləyərək, onu təbrik ediblər.  Şair körpə fidanlara kitab hədiyyə edib.

Həmkarları və dostları tərəfindən Kamil Araza yubiley hədiyyələri təqdim olunub. Müəllif oxuculara kitab imzalayıb, tədbirin təşkilatçılarına və əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Sonda  tədbir iştirakçıları  müəlliflə xatirə şəkli çəkdiriblər.

 

Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: