Naxçıvan Müəllimlər İnstitutunda Əməyin mühafizəsinə həsr olunmuş genişmiqyaslı təlim keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, noyabrın 21-də “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda əməyin mühafizəsi mövzusunda növbəti genişmiqyaslı təlim keçirilib. Təlimdə ümumilikdə 20 müəllim və 82 tələbə iştirak edib.
Təlimin açılışında çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Xəyal Zamanov əmək münasibətlərinin hüquqi əsaslarının gələcək peşə fəaliyyətində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, müasir dövrdə təhlükəsiz əmək mühiti hər bir sahənin ayrılmaz tələbi olduğundan institut tələbələrinin əməyin mühafizəsi üzrə fundamental biliklərə yiyələnməsi zəruri məsələdir:
“Bu gün burada həm tələbələrin, həm də institut heyətinin iştirak etməsi göstərir ki, biz əmək qanunvericiliyinin dərindən mənimsənilməsinə və təhlükəsiz iş mühitinin formalaşdırılmasına xüsusi önəm veririk.”
Tədbirdə daha sonra “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov çıxış edərək təlimin təşkilatçılarına — “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinə və Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. O, əməyin mühafizəsinin müasir idarəetmə sistemlərində tutduğu strateji rolu ətraflı şəkildə şərh edib.
Çıxışında beynəlxalq norma və standartlar, əməyin təhlükəsizliyi üzrə milli qanunvericilik, risklərin qiymətləndirilməsi, istehsalatda baş verə biləcək təhlükələrin öncədən aşkarlanması, təhsil sektorunda əməyin mühafizəsinin rolu kimi mövzular iştirakçılara geniş şəkildə izah olunub. Ruslan Ələkbərov həmçinin dünya təcrübəsində tətbiq olunan İSO 45001 üzrə idarəetmə modelindən, yeni nəsil təhlükəsizlik yanaşmalarından və təhsil müəssisələrində bu yanaşmaların tətbiqi imkanlarından bəhs edib.
Daha sonra söz “Əməyin Mühafizəsi Mərkəzi”nin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalıya verilib. O, əməyin mühafizəsi üzrə təlimatların növləri, iş yerlərində təhlükələrin aşkar olunması və risklərin idarə olunması, təkrarlanan risklərin minimuma endirilməsi üçün tətbiq olunan nəzarət ierarxiyası haqqında ətraflı təqdimatla çıxış edib. Mahmud Rzalı təhsil müəssisələrində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini vurğulayaraq, müəllim və tələbələr üçün praktiki nümunələr üzərindən təhlükəsiz davranış qaydalarını izah edib.
Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçılar tərəfindən əməyin mühafizəsi sahəsində ünvanlanan suallar cavablandırılıb, real risk situasiyaları üzrə nümunələr nəzərdən keçirilib.