NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki yarmarkada şəhər əhalisinə çeşid-çeşid yerli kənd təsərrüfatı və ərzaq məhsulları təklif olunur. Yarmarkada alış-veriş üçün nümunəvi şərait yaradılıb. Burada olan yüksək xidmət, məhsulların bazar qiymətləri ilə müqayisədə ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır.
Bu günkü Novruz yarmarkasına müxtəlif ərzaq məhsulları istehsal edən 32 dövlət və qeyri-dövlət müəssisəsindən 117 adda 170 çeşiddə keyfiyyətli məhsullar çıxarılıb. Həmçinin yarmarkaya 262 ailə təsərrüfatı tərəfindən 168 adda yerli kənd təsərrüfatı məhsulları gətirilib. Ayrı-ayrı özəl müəssisələr tərəfindən istehsal olunan ət və ət məhsulları, şirniyyat, mineral sular, toyuq əti, balıq və digər məhsullar çoxluq təşkil edir. Odur ki, Naxçıvan şəhər əhalisi bu bayram və istirahət günlərində hər cür rahatlığı və şəraiti olan yarmarkaya gəlir, yerli məhsullara daha çox üstünlük verirlər.
Novruz yarmarkasına muxtar respublikamızın ayrı-ayrı bölgələrindən fermerlərin, ailə təsərrüfatçılarının gətirdikləri məhsullar da çeşidi və keyfiyyəti ilə seçilir. Müxtəlif quru meyvələr, paxlava, şəkərbura, təbii meyvə şirələri, tərəvəzlər, heyvandarlıq məhsulları, göy-göyərti alıcılara təklif edilir.
M.Fərəcov