Şuşada Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib - YENİLƏNİB 4 - FOTOLAR

A- A A+

Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların rəhbərləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb.

Forumda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Polat Safi çıxış ediblər. Çıxışlarda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər beyin mərkəzləri arasında əməkdaşlığın iki ölkənin xarici siyasətinə analitik dəstəyin artırılmasına xidmət etdiyini bildiriblər.

Forum çərçivəsində üç panel sessiya keçirilib.

Birinci sessiyada Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları müzakirə edilib.

İkinci sessiyada Türk Dövlətləri Təşkilatında inteqrasiyanın perspektivləri, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, eləcə də vahid analitik yanaşmaların formalaşdırılması məsələləri diqqət mərkəzində olub.

Üçüncü sessiyada nəqliyyat-kommunikasiya və enerji əməkdaşlığının strateji əhəmiyyəti, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycan və Türkiyənin enerji diplomatiyasında yeni istiqamətlər müzakirə edilib.

Forumda hər iki ölkənin beyin mərkəzlərinin ortaq cəhətləri vurğulanıb. Ekspertlər Azərbaycan və Türkiyənin analitik qurumlarının eyni regional prioritetlərə malik olduğunu, xarici siyasət, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində oxşar strateji yanaşmalar ortaya qoyduqlarını bildiriblər. Qeyd olunub ki, iki ölkənin beyin mərkəzləri arasında tədqiqat gündəliyi böyük ölçüdə üst-üstə düşür və bu əməkdaşlıq regiondakı proseslərin daha dərindən təhlilinə imkan yaradır. Bu platformanın təşkil edilməsi region üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan–Türkiyə intellektual əməkdaşlığı regional sabitlik və təhlükəsizlik baxımından yeni sinerji yaradır, TDT çərçivəsində vahid strateji yanaşmaların formalaşmasına, eləcə də Cənubi Qafqazda sülh və inkişaf modelinin möhkəmlənməsinə töhfə verir.

Tədbirin yekununda iki ölkənin beyin mərkəzləri arasında elmi-analitik əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, birgə strateji hesabatların hazırlanması və növbəti forumların mütəmadi keçirilməsi müzakirə olunub.

13:45

Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunun üçüncü sessiyası işə başlayıb.

NUHÇIXAN xəbər verir ki, sessiyada Azərbaycan–Türkiyə münasibətlərində nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığının rolu müzakirə edilir.

Sessiyanın moderatoru Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovdur.

Paneldə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak edirlər.

Sessiya çərçivəsində Zəngəzur dəhlizi, Transxəzər marşrutu və enerji kommunikasiyalarında qarşılıqlı əlaqələr dəyərləndirilir. Həmçinin regional nəqliyyat dəhlizləri, enerji əməkdaşlığının strateji prioritetləri və qlobal enerji təhlükəsizliyinə iki ölkənin töhfəsi müzakirə edilir.

12:10

Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu işini sessiyalarla davam etdirir.

NUHÇIXAN xəbər verir ki, forumun ikinci paneli “Azərbaycan–Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusunda keçirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən paneldə, deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç iştirak edirlər.

Paneldə Türk Dövlətləri Təşkilatı daxilində siyasi, iqtisadi, humanitar inteqrasiya və institusional əməkdaşlıq perspektivləri təhlil olunur. Həmçinin Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsi üçün prioritet istiqamətlər və institusional əlaqələrin gücləndirilməsi müzakirə edilir.

10:40

Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu sessiyalarla işini davam etdirir.

NUHÇIXAN xəbər verir ki, forum çərçivəsində keçirilən birinci sessiya “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.

Sessiyanın moderatoru AnewZ media qurumunun baş redaktor müavini Orxan Amaşovdur.

Müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları təhlil edilir.

Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə edirlər.

09:54

Şuşa şəhərində Azərbaycan – Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu işə başlayıb. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak edir.

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum açılış nitqi ilə başlayıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi çıxış edərək forumun regional inteqrasiya, strateji əməkdaşlıq və beyin mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan - Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb

Forum çərçivəsində Azərbaycan – Türkiyə münasibətlərində xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya gündəmini əhatə edən üç panel sessiya olacaq. Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: