Şuşada “TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusunda sessiya işə başlayıb - YENİLƏNİB 2 - FOTOLAR

A- A A+

Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu işini sessiyalarla davam etdirir.

NUHÇIXAN xəbər verir ki, forumun ikinci paneli “Azərbaycan–Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusunda keçirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən paneldə, deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç iştirak edirlər.

Paneldə Türk Dövlətləri Təşkilatı daxilində siyasi, iqtisadi, humanitar inteqrasiya və institusional əməkdaşlıq perspektivləri təhlil olunur. Həmçinin Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsi üçün prioritet istiqamətlər və institusional əlaqələrin gücləndirilməsi müzakirə edilir.

10:40

Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu sessiyalarla işini davam etdirir.

NUHÇIXAN xəbər verir ki, forum çərçivəsində keçirilən birinci sessiya “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.

Sessiyanın moderatoru AnewZ media qurumunun baş redaktor müavini Orxan Amaşovdur.

Müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları təhlil edilir.

Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə edirlər.

09:54

Şuşa şəhərində Azərbaycan – Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu işə başlayıb. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak edir.

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum açılış nitqi ilə başlayıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi çıxış edərək forumun regional inteqrasiya, strateji əməkdaşlıq və beyin mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan - Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb

Forum çərçivəsində Azərbaycan – Türkiyə münasibətlərində xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya gündəmini əhatə edən üç panel sessiya olacaq. Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: