Azərbaycanın igid oğullarından biri, Milli Qəhrəman Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində dünyaya gəlib. 2012–2016-cı illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra, 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Onun qəhrəmanlıq salnaməsi 2016-cı il dekabrın 29-da yazılıb. Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə hücumu zamanı baş verən döyüşdə Çingiz Qurbanov böyük igidlik göstərərək düşmənin kəşfiyyat qrupunun qarşısını alıb. Döyüş zamanı mühasirəyə düşməsinə baxmayaraq, son nəfəsinə qədər vuruşub və qəhrəmancasına şəhid olub. Onun nəşi bir müddət qarşı tərəfdə qalıb və yalnız 2017-ci il fevralın 5-də Azərbaycana qaytarılıb.
Göstərdiyi şücaət dövlət səviyyəsində yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə əsgər Çingiz Salman oğlu Qurbanov ölkənin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb və “Qızıl Ulduz” medalı ilə təltif edilib.
Bu gün Çingiz Qurbanovun adı ölkənin müxtəlif bölgələrində əbədiləşdirilir. Qısa, lakin şərəfli ömür yolu ilə o, Vətənimizin tarixində silinməz iz qoyub.
Nurtac İsmayılova
