Kəlbəcər dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir

A- A A+

Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət, qəhrəmanlıq sayəsində tariximizə qızıl hərflərlə yazılan şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən addımların tərkib hissəsi olan şəhər günlərinin təsis edilməsi həm 30 illik işğal, həm Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarının indiki və gələcək nəsillərə çatdırılmasına çağırışdır. Təbii ki, torpaqlarımızın azad edildikləri tarixlərlə yanaşı, onların işğal günlərini də unutmamalı, ermənilərin bu ərazilərimizdə  törətdikləri vəhşiliklərin mahiyyətini daha dərindən təhlil etməli, təbliğatımızı gücləndirməliyik. Azərbaycanın tarixi Zəfərində informasiya cəbhəsində üstünlüyü böyük rol oynadı. Münaqişənin həlli üçün yaradılan möhkəm hüquqi baza Qələbəmizi şərtləndirən mühüm amillərdən oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu,  erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyri-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” qeyd edəndə bu reallığı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa,  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı.

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 sakin əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

44 günlük Vətən müharibəsinin ilk günlərində  Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətləri demək olar ki, iflic vəziyyətinə salındı.

Ordumuzun  əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.  Şuşa şəhərinin azad edilməsi ilə  Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verildi.  Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

İşğaldan azad edilən digər ərazilərimiz kimi, Kəlbəcər də genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Qısa zamanda görülən işlərin təqdimatı məhz bu ilin 21 avqust tarixində Kəlbəcər şəhərinin doğma sakinlərinə qovuşmasıdır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın   tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş ərazilərimizə səfərləri mühüm sosial obyektlərin aşılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ötən beş ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonuna 7 səfər  edib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə bu ilin avqustunda Kəlbəcərə  reallaşdırdıqları səfər zamanı görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Belə ki,  Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanışlıq oldu,  Kəlbəcər şəhərində 3-cü və  4-cü yaşayış kompleksinin,  Kəlbəcər şəhər parkının təməlqoyma mərasimi keçirildi, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın və Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı,” “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı oldu. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Sakinlərlə görüşündə dövlət başçısı İlham Əliyev “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı” söyləyərək onu da əlavə etdi ki, dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Onu da qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Bu gün Kəlbəcər dirçəliş mərhələsini yaşayır. Nazirlər Kabinetinin  1 may 2024-cü il tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.  Şəhərin işğala qədərki  son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə   məktəb, uşaq bağçası, xəstəxana,  İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Baş Plana uyğun olaraq şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Bu günədək  Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı mərhələ-mərhələ həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bizim işimiz quruculuqdur.

 

Naxçıvan MR Ali Məclisinin deputatı

Ramil Nəbiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: