Ombudsman tərəfindən elan olunan esse müsabiqəsinin yekun tədbiri keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin iştirakı ilə 8 Noyabr Zəfər Günü, 12 Noyabr Konstitusiya Günü və 20 Noyabr Ümumdünya Uşaqlar Hüquqları Günü münasibətilə Ombudsman tərəfindən təşkil olunan esse yazı müsabiqəsinin yekun tədbiri keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Ombudsman Günay Rzayeva, Müvəkkil aparatının, təhsil və mədəniyyət nazirliklərinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin həmtəsisçisi, həmçinin Ordubad şəhər tam orta internat məktəbinin şagirdləri və müəllim heyəti iştirak ediblər.
Ordubad Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Ombudsman Günay Rzayeva uşaq hüquqlarının səmərəli müdafiəsi, cəmiyyətin məlumatlılığının artırılması məqsədilə keçirilən silsilə maarifləndirici tədbirlər, eləcə də hüquqların daha effektiv şəkildə təmin olunması istiqamətində Ombudsman təsisatının xüsusi rolu və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin həmtəsisçisi Üzeyir Məmmədov çıxış edərək ölkəmizdə uşaq siyasəti istiqamətində həyata keçirilən islahatlar, görülən tədbirlər və bu təşəbbüslərin əhəmiyyəti barədə danışıb.
Daha sonra Ombudsman aparatı tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanıb və dövlətin uşaq siyasətinə dair videoçarx nümayiş etdirilib. Tədbirin bədii hissəsi isə Ordubad şəhər körpələr evi - uşaq bağçasının balacalarının rəqsi, Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərinin şeir qiraəti, Naxçıvan Dövlət Uşaq Teatrının kompozisiya təqdimatı və Ordubad Şəhər İncəsənət Məktəbinin musiqi nömrələri ilə davam edib.
Sonda Ombudsman Günay Rzayeva iştirakçı qurumlara təşəkkür plaketləri təqdim edib. Esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində ilk üç yeri tutan iştirakçılar diplomlar və hədiyyələrlə, həvəsləndirici yerlərə layiq görülən iştirakçılar isə təşəkkürnamələr və hədiyyələrlə təltif olunublar.