Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvanda davam edib - YENİLƏNİB - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan şəhərində davam edib. Salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakter almaqdadır: “Son 3 il ərzində biz Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirmişik. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını, COP29 çərçivəsində Bakıda keçirilən “Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu”nu misal gətirə bilərik. Dünən isə ilk dəfə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” baş tutdu. Əminəm ki, bu formatda ikinci forumu tezliklə Qazaxıstanda da reallaşdıra biləcəyik”.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, 2009-cu ildə “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirməsi rəmzi məna daşıyır: “Naxçıvanın vətəndaş cəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanın QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər”. Ceyhun Cəlilov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində avtomobil yolu, dəmir yolu, enerji və kommunikasiya xətlərinin tikintisi üzrə hazırlıq işləri sürətləndirilib və artıq son mərhələyə keçilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana göstərdiyi ardıcıl diqqət və qayğı bu qədim diyarın inkişafını sürətləndirən başlıca amildir. Məhz bu diqqətin nəticəsi olaraq Naxçıvan bu gün təkcə region səviyyəsində deyil, bütövlükdə Türk coğrafiyasında yeni inkişaf modelinin nümunəsinə çevrilir”. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, bu gün qədim Naxçıvan torpağında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır: “Bu, bütün Türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir! Biz ümumi işimizlə elə etməliyik ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə QHT-lər üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələri geniş vüsət alsın. Azərbaycan tərəfi olaraq, biz bu istiqamətdə həmkarlamızla işçi danışıqlara günü bu gün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq”. T.Əliyev Bakıda başlanan prosesinin davamlı olacağına inandığını bildirib: “İlk dəfə baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun hər il təşkilata sədrlik edən dövlətin təşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzu edirik”.

Daha sonra forum panel müzakirələrlə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: