Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim keçirilib.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı, Naxçıvan Təlim Mərkəzi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Görüşdə Xidmətin və Mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, eləcə də mövcud qanunvericiliyin tələbləri barədə iştirakçılara ətraflı məlumat veriblər.
Təlim zamanı müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və göstərilən metodiki dəstək barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirici tədbirdə 100-dən çox nümayəndə iştirak edib. Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
