Noyabrın 25-də Kəlbəcər Şəhər Günündə şəhərin mərkəzində Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Kəlbəcərə həsr olunmuş videoçarx izlənilib.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bütün iştirakçıları təbrik edərək deyib: “Bu gün ilk dəfə təntənəli şəkildə Kəlbəcər Şəhəri Gününün qeyd olunması mühüm hadisədir və rayonun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Kəlbəcərdə mədəniyyətin, turizmin, təhsilin və ictimai həyatın dirçəlişini izləmək hər birimiz üçün qürurverici mənzərədir”.
Xüsusi nümayəndə bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edilib. Kəlbəcər Şəhəri Gününün təsis olunması dövlətimizin başçısının kəlbəcərlilərə diqqət və qayğısının bariz nümunəsidir.
Bəşir Hacıyevin sözlərinə görə, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər.
Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə Böyük Qayıdışın uğurlu perspektivindən xəbər verir.
Daha sonra Kəlbəcər Şəhəri Günü münasibətilə konsert proqramı təqdim olunub. Qala konsertdə incəsənət xadimlərinin iştirakı ilə ifalar səsləndirilib. İfalarda Vətən sevgisi, Kəlbəcərin bənzərsiz gözəlikləri, Qələbə əzimli musiqi nömrələri yer alıb. Həmçinin rəqqasların çıxışları izlənilib. Eyni zamanda, Kəlbəcər dağlarında tarixi Zəfərimizi simvolizə edən tonqal qalanıb.
Tədbirlərin yekununda isə şəhər mərkəzində atəşfəşanlıq olub.
