Naxçıvanda vergiödəyiciləri ilə görüş keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirilib.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, görüşdə sahibkarları maraqlandıran məsələlər, o cümlədən ictimai iaşə fəaliyyətində əmək müqavilələrinin və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in tətbiqi ilə bağlı məsələlər geniş müzakirə olunub.
Vergiödəyicilərinin diqqətinə çatdırılıb ki, ictimai iaşə fəaliyyətində şəffaf əmək münasibətlərini təmin etmək məqsədilə “Sadələsdirilmis vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla işləri yerinə yetirməli olan şəxslər bu qəbzi aldıqdan sonra işəgötürən tərəfindən işlərə cəlb edilməlidir. Vergiödəyicisi həmin şəxsləri müvafiq qəbzi təqdim etmədən işlərə cəlb etdikdə isə onlarla əmək müqaviləsi bağlamalıdır.
Görüşdə əmək müqaviləsinin işçinin hüquq və vəzifələrini, sosial təminatlarını və əmək münasibətlərinin hüquqi çərçivəsini müəyyən etdiyi bildirilib.
Qeyd olunub ki, ictimai iaşə sektorunda şəffaflıq və ədalətli əmək münasibətlərinin təmin olunması üçün ilk növbədə əmək müqavilələrinin bağlanması və əməkdaşların fəaliyyətinin tam şəkildə rəsmiləşdirilməsi son dərəcə vacibdir.
Həmçinin sadələşdirilmiş vergi üzrə qəbz sisteminin tətbiqinin xidmət prosesinin və ödənişlərin şəffaf şəkildə sənədləşdirilməsinə, qeyri-rəsmi dövriyyənin azalmasına, işçinin gəlirlərinin rəsmi uçota düşməsinə şərait yaratdığı bildirilib, öhdəliklərin düzgün icra olunmamasının əlavə maliyyə itkilərinə səbəb olduğu vergiödəyicilərinin diqqətinə çatdırılıb.
Sonra sahibkarlar mövzu ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Muxtar respublikada biznes mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyatın daha da şəffaflaşdırılması üçün qanunvericiliyin tələblərinə ciddi riayət olunması tövsiyə olunub.