Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gediblər - FOTOLAR
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 23-də Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdlər Bakıya gediblər.
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, Bahar qızı əllərində səməni və bayram xonçaları ilə qarşılayıblar.
Qrupun rəhbəri, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Hüseynov bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 18 bələdçi-müəllim və 2 həkim Bakıya gedib. İnanırıq ki, budəfəki səyahət də əvvəlkilər kimi yaddaqalan olacaq. Şagirdlər üç gün ərzində paytaxtımızın tarixi abidələri ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.
Naxçıvanlı şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirakdan çox məmnun olduqlarını bildiriblər. Bu layihə çərçivəsində paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlarını söyləyən məktəblilər səfərdən zəngin təəssüratlarla ayrılacaqlarını və burada gördüklərini məktəbli yoldaşları ilə paylaşacaqlarını vurğulayıblar. Şagirdlər həmçinin, tur-aksiyanın bütün təşkilatçılarına, layihənin təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Naxçıvanlı şagirdlər dörd gün ərzində Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.