Gəncliyə nümunə ziyalı ailələrimiz

A- A A+

Elmi mühitdə, insanların maariflənməsində daima şam rolu oynayan ziyalılarımız keşməkeşli həyatları ilə daima gəncliyimizə nümunə olublar. Ailələrimizdə nə qədər təhsil alan, öyrənən və öyrədənlər olarsa, gələcək bir o qədər parlaq və mənəviyyat sahibi olar. Bu gün üç övlad, altı nəvə sahibi olan 38 il ömür sürüb onları səbr və əzmlə böyüdən Şəkərəliyevlər ailəsinin qonağı olduq. İllər əvvəl bu evdə yaşayıb, ömürlərini gənc kadrlar yetişdirməyə həsr edən bu ziyalı insanlar mənim üçündə müqəddəsdirlər. Çünki onlar mənimdə öyrədənim, ilk müəllimlərimdən olublar. Ona görə daxil olduğum bu ev mənə doğma,  sakinləri isə çox əzizdir.  Azərbaycan dili və ədəbiyyatı fənini tədris edən hər iki mənəviyyat sahibi illər ərzində göstərdikləri böyük əməyin qarşısında Hüseyn müəllim “Əməkdar jurnalist”, Gülzadə müəllim isə “Əməkdar müəllim” adına layiq görülüblər.   

Salamlaşıb, hal-əhval tutub, onlara gəlişimin səbəbini bildirirəm: Bu gün gəncliyimiz müasirlik adı altında milli adət-ənənəmizdən, ailə dəyərlərindən və ən əsası böyük-kiçik münasibətindən uzaq düşüb.

Yad və ögey münasibət bəslənilən bu dəyərlərə münasibətiniz necədir?

- Hüseyn Şəkərəliyev ilk kəlməsindən bildirdi ki, günümüzün əsas mövzusuna toxunmusan. Qeyd edim ki, mən və yoldaşım 3 uşaqlı ailə olaraq bu gün cəmiyyətimizdə layiqli yer tutmuşuq. Geriyə baxanda onu görürük ki, biz istər valideyin, istərsə də müəllim olaraq nə qədər çətinliklərin öhdəsindən gəlməyi bacarmışıq. Amma bildirim ki, hər nə qədər əziyyətlərimiz olsa da, mehribançılığımızı itirməmişik. Allah heç kimin əlindən bu münasibəti almasın. İnsan nə qədər mehriban olsa, bir o qədər evində yediyi yavan çörək də şirin olar. Ancaq bu günkü gəncliyimizə baxırsan ki, çox kiçik məsələdə bir-birlərindən incik düşürlər. Çox istiyərdim ki, gənclərimizdə əsas qəlb yaxınlığı olsun. Bütün cütlüklər bir-birinə can deyib, can eşitsinlər. Həqiqətəndə həyat onda gözəlləşir. Bizim lap qədimdən ata-babalarımız gənclərimizə öz əməlləri ilə örnək olublar. Dədəmiz Qorqudun dediyi kimi: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə açmaz”. “Oğul atanın yetiridir, iki gözünün biridir”. “Oğlum oğul olsun, kol dibi evim olsun”. O mənada deyilib ki, övladlar nə qədər cəsur, qorxmaz, igid olarlarsa, gələcəkdə də çətinlik çəkməzlər. Qızlarımız ana nəvazişi ilə bərabər, qayğılarını da hiss edirlər. Onlar ananın öyüdlərini, gördüyü işləri görüb-götürürlər. Ancaq bu gün gənclərimizin bir çoxu yad adət-ənənələrə meyil edirlər. Bunlar isə gələcəkdə xalqımızın assimilasiyasına səbəb ola bilər. Biz çalışmalıyıq ki, gənclərimiz qədim adət-ənənəmizi ağbirçək və ağsaqqalımızdan görüb götürərək yaşasınlar. Cəmiyyətimiz başqa xalqlarla inteqrasiya olunur. Amma bu o demək deyil ki, öz adət-ənənəmizi unudub onların adətini götürməliyik. Sadəcə yaxşı cəhətləri götürüb, öz adətlərimizi də qorumalıyıq ki, onlardan sonra gələn gələcək nəsil də bu ənənəni yaşatsın.

Belə bir fikir var, “uşaq evin güzgüsüdür”. Uşaqlıq xəyalı isə, insanı hər zaman yaşadır. Mənin uşaqlığım Zəngəzur mahalında keçib. Bizim eldəki toylar, adət-ənənələr bu gün də, yaddaşımdadır. Əksəriyyət ailələrimiz çoxuşaqlı ailələr idi. Bizim tərəflərdə boşanma halları da olmazdı. Ən yaxşı xüsusiyyət ondan ibarət idi ki, ailələr və gənclər bir-birlərinə daha çox get-gəl edirdi. Həmin gənclər də, böyüklərə baxıb, bir-biriləri ilə mehriban münasibət qurmağı bacarırdılar. Ailədə kişi qadın fərqi olmazdı. İşi birgə görüb, hər çətinliyin öhdəsindən gələrdilər. Həmin evdə birgə böyüyən uşaqlar da körpə yaşlarından ailəyə kömək edər, əməyə öyrənirdilər. Belə uşaqlarda gələcəkdə valideyinlərinin yolu ilə gedib, ailələrini qoruyub saxlayardılar. Buna görə də ailələr sağlam təməl üzərində qurulurdu.

Gülzadə müəllim isə deyir ki, tədris etdiyim fənin tələblərinə uyğun olaraq bir müəllim kimi şagirdlərin təlimi ilə yanaşı, tərbiyəsi ilə də məşğul oluram. Çünki onlar fərqli ailələrdə böyüyürlər, ona görə də çalışmışıq ki, onlara milli dəyərlərimizi qorumağı və gələcək nəsillərə ötürülməsini aşılayaq. Kitabi-Dədə Qorqud da, Koroğlu dastanında, Nizami və Füzuli kimi klassiklərin və eyni zamanda müasir şair və yazıçılarımızın əsərlərində qoyulan bu problemləri şagirdlərə başa salaraq, onları düzgün istiqamətə yönləndirib, tərbiyə edirik. Şagirdlərimiz bizim gələcəyimizdir. Ölkəmizi, vətənimizi həmin şagirdlərə əmanət edirik. Və onlardan da bu ənənəni davam etdirib gələcək nəsillərə ötürməsini istəyirik.  Böyüyə hörmət, vətən sevgisi, valideyinə məhəbət, ağsaqqal-ağbirçək məsləhətinə qulaq asmağı, əsərlərdəki nümunələrlə və həyati təcrübələrlə şagirdlərə mütəmadi izah etmişik. Bütün bunlar da öz nəticəsini verib. Buna nümunə 44 günlük Vətən müharibəsidir ki, onlarla şagirdimiz vətəni qoruyub. Onlardan şəhid olan Dünyamaliyev Ceyhun, Quliyev Kənan, Məmmədli Nicat, Nəcəfov Yaqub məktəbimizin şagirdləri olublar.

Gülzadə müəllim deyir  ki, sağlam ailə cəmiyyətin təməlidir. Bu gün cəmiyyətimizdə formalaşan gənclərin sağlam düşüncədə tərbiyə olunması, sağlam nəslin yetişməsi deməkdir. Ailədə qarşılıqlı hörmət, hər çətinliyə dözmək, problemləri birlikdə həll etmək sağlam təməlin əsasını təşkil edir.

 Yazıçı Anarın “Keçən ilin son gecəsi” əsərində bir epizod var, əsərin qəhrəmanı Həmidə xanımdır. Qadın bir neçə il əvvəl rəhmətə gedən həyat yoldaşının səs yazısını yeni il axşamı qoyub qulaq asır. Səsdə deyir ki, “ uşaqlarımızın hərəsi bir ailə həyatı quracaq. Sən onlar üçün qəti narahat olma. Onlar mütləq ki, bizim ailəmizdən özləri üçün yaxşı olan nələrisə götürüblər. Əsərdə söhbət sağlam ailənin təməlindən gedir ki, ailələrimiz nə qədər sağlam olsa, həmin evin uşaqları da cəmiyyətdə sağlam formalaşacaqlar. Həyatımız pillələrdən ibarətdir, qalxa da, enə də bilər. Gərək hər vəziyyətdə səbr, dözüm göstərməyi bacara.

Azərbaycanın əməkdar müəlimi kimi gənclərimizə məsləhət edirəm ki, milli dəyərlərimizi qorusunlar. Dilimizi korlayan sözlərə qarşı olsunlar, adət-ənənəmizi öyrənib, yaşatsınlar. Gənclərimiz nə qədər müasir, savadlı olsalar da, yenə də çətin vəziyyətdə böyüklərin sözünə qulaq asıb, əməl etməlidirlər.

Söhbətimizə qoşulan Hüseyn müəllim bildirdi ki, yaşamaq ömürlə ölçülmür. Mikayıl Müşfiq 29 yaşına kimi elə yaşadı ki, bu gün də onun yaradıcılığı, qoyduğu irs bir sərvətdir. Ancaq elə ömürlər var ki, 100 yaşa çatıb, amma özündən geriyə heçnə qoymayıb, nə ailəsi, nə də cəmiyyəti üçün. Ancaq taleh elə gətirdi ki, bizim gənclərimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Onlar öz yaşamları ilə gənclərimizə nümunə olub, tariximizə bir ömür oxunacaq qürurlu səhifələr yazdılar. Bu müharibə xalqımızın bütövlüyünü göstərdi.

Əgər bütövlüyümüz ailədən başlayarsa, onda cəmiyyətimiz, xalqımız, türk dünyamızda bütövləşəcək. Ümid edirəm ki, gəncliyimiz bu bütövlüyü həmişə qoruyacaq, bizə mənsub olan adət-ənənə, dil, milli dəyərlərimizi bütöv saxlayaraq xalqımızın adını ucaldaraq, mənəvi irsimizi də daim yaşadacaq.

Tənha tüstülənmək yanmaq deyil ki,

Ocağı yandırar köz bütövlüyü.

Qanla qarışmasa, südlə gəlməsə,

Tapılmaz, ha axtar gənc bütövlüyü.

Yarımçıq olanda fikir çaşdırar,

Qəlbi bulandırar, dərdi coşdurar,

İnsanı, insana doğmalaşdırar,

Məhəbbət bütövlüyü, el bütövlüyü.

Gördük pisliyi də, düşdük dara da,

Adı ilə tanınar ağ da, qara da

Bəyə də lazımdır, xanımlara da,

Hər kəsə lazımdır öz bütövlüyü.

İnsan bu cür müəllimlərə qonaq olanda sanki özünü dahi Nizaminin öyüdlərinə qonaq olmuş kimi hiss edir. Əqidə və inam bütövlüyü ilə ruhun arındığı bu evdən çıxıb öz yolumuza davam edərkən xatirimdə bu misralar canlanır.

 

Elmlə hünərlə başqacür heç kəs,

Heç kəsə üstünlük eləyə bilməz.

 

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: