Daş soyuq olsa da … - FOTOLAR

A- A A+

Naxçıvan – Sədərək magistral yolunun kənarından, Yuxarı Daşarx kəndi ərazisindən keçəndə Şərur Məzar Daşları yazılmış bir plakat  diqqəti cəlb edir.  Bu plakatın beş-on addımlığında-  köhnə darvazanın arxasında kiçik bir həyət var.  Həyətin ortasında illərin ağırlığını daşıyan daş bloklar, kənarda yonma alətləri, baş və sinə daşları, toza qərq olmuş  cilalanma maşını…hər şey sadədir. Ancaq, bu sadəliyin içində dərin bir səsizlik var. Keçən zaman burada dayanıb sanki… Bu ünvanda bir usta var ki əlləri daş tozuna bələnib, addımları ağır, baxışları dərindir.

- Qabil ustanın sənəti başqalarından fərqlidir.  O, ömürlə ölümü bir araya gətirən, insanların xatirələrini, həyat hekayələrinin son cümləsini əbədiləşdirən sənətkardır.

Çoxuşaqlı ailənin son övladı olan Qabil Əliyevin uşaqlıqdan cızma-qara işinə həvəsi olub. 1998-ci ildən məzar daşları hazırlayır.  Naxçıvanla yanaşı Bakı şəhərinin Saray qəsəbəsində də  bu işi görür. Azərbaycanın bir çox bölgələrində onun hazırladığı məzar daşları var.

-Sənətinizə yanaşmanızda poetik bir hiss var. Bu qədər ağır bir iş bu illər ərzində sizə nə qazandırdı?

Bu iş mənə səbr öyrətdi, insanın faniliyini…Elə baxışlar olur ki, daşa köçürəndə qəlbim titrəyir. Orada gülüş var, ümid var, amma nəfəs yoxdur. İş bitəndə isə anlayırsan ki, sən sadəcə daş deyil, bir təsəlli hazırlamısan, kədərin içində bir gözəllik yaratmısan. Yəni bu işdə təkcə əllər yox ürək də işləməlidir.  Daşla danışmağı bacarmayan insanla da danışa bilməz,- deyib bir az aralıda olan baş daşını göstərərək –görürsən şəhidimiz  Tağı  Abdullazadədir. Şeir oğlu Yusifin adından yazılıb.  Baş daşı həyat yoldaşının istəyi ilə bu formada hazırlanıb. Günəşin qürub çağı, şəhid olduğu saat-6-nın yarısı və bəy formasındakı şəkil… Bura gələn insanlar  bunların dərinliyinə varmır-  amma bizim üçün fərqlidir… hər daşın altında bir ömür yatır.Birinin anası, birinin balası, birinin qardaşı, birinin həyat yoldaşı…

Qabil ustanın emalatxanası bir yaddaş muzeyini xatırladır. Qara daşlarda tamamlanmağı gözləyən portretlər, şrift nümunələri, daş qırıntıları, insan ruhuna hörmət, əmanətə sədaqət.   Bunlar son mənzilə gedən yolun səssiz şahidləridir. 

Pəncərədən süzülən ilıq payız günəşi  ara –bir bu  emalatxanadakı daşların üzərinə işıq salanda təbəssümlər, cavan baxışlar, çox yaş görmüş qırışlı simalar daha aydın görünür. Bəziləri cavan ölüb, bəziləri ömrün payızını yaşarkən köçüb bu dünyadan. Bu həyat hekayələri  ilə yaxından tanış olan Qabil ustanın  əlləri hərəkətdədir, amma özü sakitdir. Hər fırçanı çəkəndə içində bir dua keçir. O duanı heç kim eşitmir. Ancaq his olunur. Və bu emalatxanaya girən hər kəsin içinə qəribə bir ehtiram dolur. Çünki bura yalnız daşların deyil, xatirələrin də nəfəs aldığı yerdir. Buradakı avadanlıqların da səsi ağırdır, düşüncələr də…

 Günorta saatlarında emalatxanaya 5 nəfər, saçları ağappaq ağarmış bir ana və dörd qızı daxil oldu. Deməyə sözləri yox idi, amma gözlərində çox şey var idi . İtki, sükut, qəbullanmaq və hələ də sağalmayan yara… Qızlardan biri ağır səslə

-Qabil usta, atamız üçün baş daşı lazımdır- dedi. Usta  yan masadakı dəftəri  önünə çəkib,   Allah rəhmət etsin! Şəkil var?- deyə soruşdu.  Həmin qız telefondakı şəkili göstərdi.

-Ustanın yazını necə istəyirsiniz sualına qızın cavabı - ad, soyad, tarix və dünyanın ən fədakar, dürüst atası oldu. 

-Usta daha sonra bir neçə baş daşı göstərdi. Qız, bu daha  yaxşıdır deyə sakitcə pıçıldadı. Bu səsdə həm itki var idi, həm də xatirəyə sədaqət. Usta  narahat olmayın adına layiq olacaq –deyə bildirdi.  Bir qədər sonra həmin ailə minnətdarlıq edib emalatxanadan  çıxdı. Usta isə düşüncələr içində idi. Hazırlayacağım məzar daşı, yazılacaq sözlər onların qəlbinə bir az da olsa sakitlik verəcəkmi?

Fərqli  formalı baş və sinə daşlarına yazılan müxtəlif fikirlər  və şeirlər  diqqətimi cəlb edir…

  İşdi birdən qəfil ölsəm

 Sellər kimi çağlamayın.

 Nə yaşadımsa yaşadım

Məndən ötrü ağlamayın. - deyilsə də əslində hər birimiz bu həyatda nə vaxtsa doğmalarımızın itkisi ilə üzülüb ağlayırıq…

Usta deyir, bu sənətin digərlərindən fərqi odur ki, bura gələn  kədərini də götürüb gəlir. Məzar daşlarını görəndə ağlayıb dərdlərini danışırlar. Elə anlar olur ki, mən də onlarla bir silirəm göz yaşımı. Bu səbəbdən əzizini  itirmiş insanlarla işləmək çətindir. Bəzən olub gecə saat 3- əqədər işləmişəm ki əmanəti vaxtında hazırlayıb təhvil verim. Allah hamısına rəhmət etsin!

Bu an ustanın telefonuna zəng gəlir. Danışıqdan məlum olur ki, zəng edən şəxs məzar daşlarının qiyməti ilə maraqlanır.  Usta daha bir işin sifarişini dəftərinə qeyd edir.  Biz isə onunla sağollaşıb emalatxanadan çıxırıq.

Hər insan həyatdan köçəndə  xatirəsini yaşatmaq üçün bir nişanə qoyulur- məzar daşı. İslamiyyətdə qəbir daşları həm dini,  həm də mədəni baxımdan vacibdir. Bu, mərhumun kimliyini bildirən, onun ailəsi və yaxınları tərəfindən  yad edilən bir simvoldur.   Minlərlə səssiz xatirənin memarı olan         Qabil usta da   el üçün bu işi görür.  Bir ailənin kədərini daşa yükləyir, bir ömrün son cümləsini yazır, xatirəsini qoruyur, susan taleləri danışdırır, bir insanın son izini yaşadır daşda.. Və daş soyuq olsa da  ustanın toxunduğu hər daş unutmamağın ən isti yoludur.                                                                                                    

Türkanə Əmoyeva

Naxçıvan televiziyasının redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: