Bakıda TDT-yə üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı keçirilib
Bakıda Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı keçirilib.
NUHÇIXAN xəbər verir ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki səfirləri, səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinin təmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.
Əvvəlcə beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin xatirəsini hörmət və ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları, həmçinin Zəfər Parkını ziyarət ediblər. Qonaqlara Vətən müharibəsindəki tarixi Qələbəmizi əks etdirən ekspozisiya barədə məlumat verilib və abidə önünə gül dəstələri qoyulub.
Daha sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransının açılış mərasimi keçirilib.
Çıxış edən səhiyyə naziri Teymur Musayev tədbirin mahiyyətini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda tibb təhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində hər sahənin inkişaf etdiyini vurğulayan nazir deyib: “Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuz diqqəti bu sahənin inkişafında mühüm rol oynayır”.
Teymur Musayev Ulu Öndərin göstərişi ilə inşa olunan 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğun səviyyədə hazırlanması yolunda yorulmadan çalışdığını diqqətə çatdırıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov TDT-nin üzv ölkələrinin tibb bacısı və mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransının Bakıda keçirilməsinin önəmindən söz açıb.
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva çıxışında qeyd edib ki, konfransın məqsədi tibb bacıları və mamaların səhiyyədə oynadığı mühüm rolu vurğulamaq, onların peşəkar inkişafının dəstəklənməsinə şərait yaratmaq və bu sahələrin inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsini təmin etməkdir.
Sonra Türkiyə səfiri Birol Akgün, Özbəkistan səfiri Baxrom Aşrafxanov, Qazaxıstan səfiri Alim Bayel və Qırğızıstanın səfiri Maksat Mamıtkanov çıxış ediblər. Vurğulanıb ki, xalqlarımız arasında mövcud olan tarixi və mədəni ortaqlıqlar dövlətlər arasında əlaqələrin əsasını təşkil edir. Eyni zamanda, dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən səfirlər, elmi-praktik konfransın işinə uğurlar arzulayıblar.
Daha sonra Türk dövlətlərinin inkişafını və Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri əks etdirən qısa videoçarxlar nümayiş olunub.
Beynəlxalq konfransda çıxış edən Türkiyənin Ege Universiteti Sağlamlıq Elmləri Fakültəsinin dekanı Esin Çeber Turfan, Özbəkistan Səhiyyə Nazirliyinin Tibb Bacısı İşi üzrə baş mütəxəssisi Rixsi Salixodjayeva, Qazaxıstanın “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov, Qırğızıstanın Bişkek Ali Tibb kollecinin direktoru Çolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmasına, həm də təcrübə mübadiləsinin aparmasına imkan yaradır.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Daha sonra beynəlxalq elmi-praktiki konfransda panel sessiyalar keçirilib. Sessiyalarda “Azərbaycanda tibb bacısı (qardaşı) və mamalıq ixtisasları üzrə mütəxəssislərin hazırlığı və təhsilin inkişaf istiqamətləri”, “Tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma və süni intellektin rolu”, “Mamalıq təhsilində keyfiyyətin təminatı: beynəlxalq standartlar” və digər məruzələr dinlənilib.
Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.
Konfransın sonunda məruzəçilərə və xarici qonaqlara sertifikatlar təqdim olunub.
