Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar - FOTOLAR
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gələn Naxçıvan məktəbliləri martın 23-də İçərişəhərlə tanış olublar.
NUHÇIXAN xəbər verir ki, naxçıvanlı məktəblilərdən, müəllim və bələdçidən ibarət qrupa əvvəlcə Qız qalası barədə məlumat verilib. Şagirdlər Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Məktəblilərə Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.
Naxçıvan məktəblilərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə də məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri qorunub saxlanılır. İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şirvanşahlar Saray Kompleksini ziyarətlə davam etdirilib. Dərsliklər vasitəsilə tanış olduqları bu sarayı görmək məktəblilərdə Azərbaycan tarixinə marağı daha da artırıb.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək tarix-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.