Mətbuat Şurasında Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
"Report" xəbər verir ki, tədbir eyni zamanda yubilyarın yeni çapdan çıxmış "Arabadakı adam" roman və pyeslər toplusunun, eləcə də onun 70 illiyi ilə bağlı "Qələm sirdaşım oldu" kitabının təqdimatı kimi yadda qalıb.
Əvvəlcə Z.Məhərrəmlinin həyat yolunun ayrı-ayrı məqamlarının əksini tapdığı qısa video-çarx nümayiş etdirilib.
Toplantını giriş sözü ilə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid açaraq bildirib ki, mənalı ömür yolunu jurnalistikaya, ümumilikdə söz sənətinə bağlamış dəyərli həmkarın əlamətdar gününün işığına toplaşmaq sevindiricidir. Şura sədri Z.Məhərrəmlinin BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra 1978-ci ildə ustad Nəsir İmanquliyevin dəvəti ilə "Bakı" və "Baku" qəzetlərində müxbir kimi əmək fəaliyyətinə başladığını, 1990-2003-cü illərdə həmin nəşrin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsini tutduğunu deyib.
R.Məcid yubilyarın, həmçinin, 2003-2015-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorunun müdiri, Mətbuat Xidmətinin rəhbəri kimi yüksək peşəkarlıqla çalışdığını xatırladıb.
R.Məcid qeyd edib ki, qələm sahibi "Döyüşə qızlar gedir" (1997), "Karabağda savaş var" (İstanbul, 1999), "Ötür durna qatarı" (2000), "Qırx qız dastanı" (2003) kitablarının müəlifidir.
Qeyd edək ki, Z.Məhərrəmlinin əsərləri rus, ingilis, belarus, türk və fars dillərində də işıq üzü görüb. Bu baxımdan "Garabagh war witnessed by women" ("Qarabağ müharibəsi qadınların şahidliyi ilə", 2005) və Sankt- Peterburqda çapdan çıxmış "Карабахская война: сражались и женщины" (2005) kitablarını vurğulamaq olar. Bütün bunlara görə müəllifin əməyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun "Qarabağ" Ali Mükafatı ilə qiymətləndirilib.
Tədbirdə Z.Məhərrəmlinin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, Şura üzvlərinin onunla bağlı çıxışları dinlənilib.
