Azərbaycan tarixini yazan qadınlar

A- A A+

Azərbaycan xalqı qürur  duya bilər ki, onun yüz illər boyu şöhrətinə işıq tutan görkəmli şəxsiyyətlər və məşhur insanları içərisində adı böyük şöhrət sahibi olan qadın simaları da var. Bu gün dünyanın qadın hüquqları və gender bərabərliyi istiqamətində pafosla danışan bəzi “super” qüvvələri bilmir ki  Azərbaycanda hələ əsrlər öncə insanlar qadına müqəddəs varlıq kimi baxmışlar. Hətta anaya - qadına “başım baxtı, evim taxtı”, “evim dirəyi”, – deyə yüksək ehtiram göstərmişlər.

Bu yüksək ehtiramın və ona olan etimadın nəticəsi idi ki, Tomris ana kimi qadınlar təkcə bir evin yox, həm də bir elin, dövlətin “dirəyi” olub, xalqa rəhbərlik ediblər. Məhsəti Gəncəvi kimi geniş şöhrət sahibi olan bir şairənin əsərləri, gözəl rübai və qəzəlləri ən böyük məclislərdə oxunub.  Əlbəttə, bütün bunlar Azərbaycan-türk əxlaqının yüksək nümunəsidir ki, qadınlar daim kişilərin arxa-hayanı, uşaqların anası, evin od qoruyanı və bu kimi  müqəddəs vəzifələrlə müəyyənləşmiş cəmiyyətin ehtiram və etimad ünvanı idi. “Ana haqqı Tanrı haqqıdır” əxlaqi düşüncəsi də məhz qadının oğuz elindəki yerini, haqqını, hüququnu müəyyən etməyə imkan verirdi. Qadın ona verilən bu hüquqdan istifadə edirdi ki, Məhsəti kimi el şairi, Sara xatun kimi şöhrətli bir diplomat, Tomris kimi bir hökmdar olurdu. Hətta bəzi mənbələrdə məşhur Azərbaycan Atabəylər İmperatorluğunda dövlət işlərində qadınların da rolu olduğu, Mömünə xatının, Cəlaliyyənin bu işlərdə fəal iştirakı da vurğulanır.   

Bu gözəl ənənələrin nəticəsi idi ki, Azərbaycan xalqı bütün əsrlər boyu dünya mədəniyyəti və tarixinə çox görkəmli xidmətləri olan qadın simalar bəxş edib.  XIX əsrlərin sonu, XX əsrin əvvəllərində Heyran xanım, Qonçəbəyim kimi şairələr məhz bu xalqın istedadının təcəssümü idi.  

Xalqın düşüncəsi, əxlaqı nə idisə, onun milli sərvəti olan yaradıcılıq nümunələrində də o əksini tapırdı. Dastanlarımızda, nağıllarımızda həmişə qadınlarımız başda olub, heç vaxt da ehtiramları əksik olmayıb. Dədə Qorqudda Burla xatun, Banı Çiçək, Koroğluda Nigar xanım və başqaları kişilərlə bərabər hörmətə və mövqeyə malik idilər. Hətta Nigar xanım Çənlibelin söz haqqı olan xanımı – birinci xanımı, xanımlar xanımı idi və bütün dəlilər bu xanıma ana gözü ilə baxırdılar. Beləliklə, həmişə Azərbaycan xalqı qadınlara münasibət baxımından yüksək əxlaqi dəyərlərə malik olub.

Azərbaycan ictimai fikri, elmi, mədəniyyəti, incəsənəti və digər sahələrdə qədim Kəngərli yurdunun xanımlarının adı iftixarla çəkilir.

İlk təhsilli qadınlar arasında Şahtaxtinskilərin adı başda gəlir. Bu baxımdan Leyla, Adilə və  Elmira Şahtaxtinskayaların adları birincilər sırasındadır.   

Şahtaxtinskilər sülaləsinin görkəmli nümayəndələrindən olan Leyla Şahtaxtinskaya (1886-1907) xaricdə təhsil almış ilk azərbaycanlı və Azərbaycanın ilk ziyalı qadınlarından biridir. Bu ziyalı xanım görkəmli publisist, alim və həmçinin ictimai xadimdir. İsa Sultanın qızı olan Leyla Şahtaxtinskaya 1902-ci ildə Tiflis Qızlar İnstitutunu bitirib. Leyla Şahtaxtinskaya həmçinin Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qızdır.

Adilə Şahtaxtinskaya da ilk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru kimi xatırlanır. Tibb elmləri doktoru olan Adilə Şahtaxtinskaya Azərbaycanda tibb sahəsində ilk qadın professor və kafedra müdirlərindən biri olub.

Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930-1996) Azərbaycanın xalq rəssamı və əməkdar incəsənət xadimidir. Elmira Şahtaxtinskaya Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyasını) və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Haqqında bəhs edən mənbələrin göstərdiyi kimi rəssam xanım daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb.

Bəli, ulu Kəngərli yurdunun varisləri bu gün də bu ənənələri uğurla davam etdirir, hər sahədə öz nailiyyətləri ilə ölkəmizə və onun inkişafına öz töhfələrinin verirlər. Çox yaxşı haldır ki, bu gün Kəngərli rayonunda xeyli sayda qadın dövlət idarəçiliyində, elm, mədəniyyət və digər sahələrdə öz nailiyyətləri ilə mənsub olduqları məşhur sülalənin adına şöhrət gətirirlər.

 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsini əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: