Nəyisə bacarmaq istədikdə və bu yolda addımlamağa başladıqda ilk işimiz həmin yolu keçib məqsədinə çatmış insanlara baxmaq olur. Onları özümüz üçün ideallaşdırır, böyük bir simpatiya bəsləyirik. Onları ideallaşdırmağımızın səbəbi əslində bizim hədəflərimizə bizdən əvvəl çatmalarıdır. Bəs bu simpatiya sona qədər davam edirmi?
Təbii ki, xeyr. Fərqinə varmadan içimizdə həmin insana qarşı rəqabət hissi formalaşır və bir müddət sonra bu şəxsiyyətlə düşüncələrimizdə bir növ “savaş” aparmağa başlayırıq. Bu savaşın təməlində isə öz düşüncələrimiz dayanır: “O bacardığı halda, mən niyə büdrəyirəm?” Bəzi insanlar prosesin özünü deyil, yalnız nəticəni görməyə fokuslanır və bu fokus öz daxilində məğlubiyyət hissi yaradır. Bu hal çox zaman rəqabətdən daha çox kin və nifrətin yaranmasına gətirib çıxarır. Lakin insanlar bəzən düşüncələrini qarşı-qarşıya qoyduqları şəxsin əslində sadəcə öz daxili dünyalarının bir təzahürü olduğunu qəbul etmək istəmirlər.
İnsan daim özü və öz dünyası ilə mübarizə aparır. Lakin bu daxili dünyanı bir insan simasına yerləşdirmə bacarığı da boş qalmır. Buna görə bəzən özümüzü heç bir real səbəb yoxkən müəyyən bir şəxslə “mübahisə”nin içində tapırıq. Bu faktorlar təsadüfən yaranmır; onların təməli beynimizin quruluşuna söykənir.
Psixoanalizin banisi, avstriyalı nevroloq Ziqmund Freydin psixoloji nəzəriyyəsində ortaya qoyduğu fikirlər bu mövzunun mahiyyətini anlamağa kömək edir. Beynimizdə “kapitan” adlandırılan üç sistem insan davranış və düşüncələrini yönləndirən əsas mexanizmdir. Bunlar: İd, Ego və Süper-Egodur. Əgər beynimiz bir gəmi olsaydı, bu üçü həmin gəmini idarə edən kapitanlar olardı.
Kapitanların vəzifələrinə İd ilə başlayaq.
İd insanın doğuşdan gətirdiyi instinktlərin daşıyıcısıdır. Aclıq, susuzluq kimi əsas tələbatları ödəməyə yönəlir və üsul axtarır. Bu kapitanın davranışı kiçik uşaq davranışına bənzədilir — istəklərinin dərhal gerçəkləşməsini istəyən dəcəl bir kapitandır.
Ego isə insan doğulduğu andan etibarən İd-in istəklərini gerçəkləşdirməyə çalışan, lakin bunu daha məntiqli şəkildə edən bir kapitandır. O, istəkləri tez və düşünülməmiş şəkildə deyil, analiz və plan əsasında həll etməyə çalışır. Bu yolla İd-i sakitləşdirir.
Süper-Eqo ən təvazökar kapitan sayılır. Onun formalaşması adətən 6–7 yaşlarda baş verir. Süper-Eqo insanı cəmiyyətin mənəvi dəyərləri və qaydaları əsasında yönləndirir. İd-in istəklərini ətrafı nəzərə alaraq əldə etməyə çalışır. Lakin istəklər baş tutmadıqda özünü geri çəkir və başqalarının bu yolda uğur qazanmasını bizə “tətbiq edir”. Fədakardır — öz gəmisini batırmaq bahasına belə başqa gəmilərin irəli getməsinə şərait yaratmağa hazırdır.
İnsan iradəsi ilə bu sistemlərin ya birinin tərəfini tutur, ya da hər üç sistemin qurbanına çevrilib həyatını boşluğa sürükləyir. Bunun rəqabət hissi ilə əlaqəsi isə düşündüyümüzdən daha dərindir. Təkcə rəqabət deyil — bütün hiss və istəklərimiz bu kapitanların analizindən keçir və vəziyyətə uyğun olaraq ətrafımız üçün təhlükə də yarada bilər.
İd istəklərinə kor-koranə çatmaq istədikdə, ideallaşdırdığımız insan gözümüzdə kiçilir, rəqabət hissi kinə çevrilir. İnsanlara öz düşüncələrimizdən “maskalar” geyindirir, sonra da həmin düşüncələrə nifrət edir və nəticədə hədəfimizdən uzaqlaşırıq.
Ego istəklərini “yalnız bu yol olmalıdır” düşüncəsi ilə idarə etdikdə, qurduğu planlar digər insanları öz şəxsi məqsədləri uğrunda qurban edə bilir.
Süper-Eqo isə təvazökar görünməsinə baxmayaraq, bu təvazökarlıq daha çox başqalarınadır — özünü kiçildərək başqalarını yüksəltmək istəyən hər kəs gec-tez özünü çıxılmaz vəziyyətdə tapır.
Nəticədə insan düşüncəsinin təməli bu üç kapitanın idarəsi altındadır. Onlar bizə açıq şəkildə göstərirlər ki, əsas rəqibimiz elə özümüzük. Bəs biz bunu həqiqətən hiss edirikmi? Yoxsa hiss etməmək üçün dirənirik?
Çinarə Həsənova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
III kurs tələbəsi
