Addım-addım Zəngəzura: Salamməlikdən salamlar

A- A A+

Təqvim 2025-ci ilin 5 dekabrını göstərir. Bu gün Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işləri başa çatdırılıb. Hazırda olduğumuz məntəqədə - Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib. Tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmiryolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək. Dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilir. Zəngəzur dəhlizi həm də Şimal-Cənub dəhlizinin əsas halqalarından birini təşkil edəcək. Həmkarlarımızla birlikdə tarixin yeni səhifəsini yazan anın içindəyik. Media nümayəndələri bu böyük günün sevincini tamaşaçıya, oxucuya, izləyiciyə çatdırmaq üçün həyəcanla reportajlar hazırlayır, Vətənin gələcəyinə açılan yolun hər kadrını qeyd edir. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin təşkil etdiyi mediatur bizə uzun illərdir, sükuta qərq olmuş bu torpağın yenidən oyanışını hiss etdirdi.

Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda cənab Prezident növbəti tarixi zəfərə imza ataraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanmasına nail olub.

Prezident İlham Əliyevin illərdir, ardıcıl şəkildə həyata keçirdiyi strateji siyasətin, tarixi ədalətin bərpasına yönəlmiş qətiyyətli iradəsinin növbəti təntənəsinə şahidlik edən jurnalistlər kimi biz bu həqiqəti təqdim etməkdən qürur duyuruq. 

Otuz ildən artıq susmuş bir stansiya bu gün ilk dəfə nəfəs alır. Salamməlik stansiyasına hər gəlişimizdə köhnə relslərin üstünə çökmüş bir həsrət, bir nisgil duyulurdu. Sanki relslər illərdir, öz sahibini, öz səsini, öz yolçusunu gözləyirdi.

Bu səhər isə burada hər şey dəyişdi. Torpaq sanki silkələndi, relslər titrədi, sükutun içindən gələcəyə uzanan bir çağırış eşidildi. Bu çağırış Prezident İlham Əliyevin “Tarixi torpaqlarımıza qayıdış” siyasətinin növbəti addımının səsi idi. Çünki bu yol, sadəcə, dəmir yolu deyil, bu yol Vətənin can damarlarını birləşdirən böyük hədəfin yoludur. Bu yol Azərbaycanın siyasi iradəsinin, əzminin, birliyinin və gücünün simvoludur.

Biz 30 ildən sonra yenidən dirilən Salamməlik stansiyasından ayrılarkən hər addımda relslər pıçıldayırdı: “Mən qayıdıram...”

Araz yenə coşurmuş kimi, dağlar yenə səslənirmiş kimi idi. Sanki torpaq özü danışırdı – bu dönüşün sevincini, bu yolun gələcəyini bizə söyləyirdi.

Bu dəfə yol keçmişə boylanmaq üçün yox, gələcəyə doğru addımlayan güclü Azərbaycanın öz qapısını açır. Və biz – bu günü yaşayanlar illər sonra fəxrlə deyəcəyik: “Biz o stansiyanın yenidən nəfəs aldığı gün orada idik. Prezident İlham Əliyevin rəhbərliyi ilə başlayan böyük dönüşün şahidi idik”.

Tarixin yaddaşına düşən ən səsli anlar bəzən bir qatarın hərəkət səsi ilə başlayır, bəzən də bir xalqın otuz ildən sonra gələn möhtəşəm “Qayıdıram!” nidası ilə…

Sara ƏZİMOVA
"Şərq qapısı" qəzetinin baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: