Ordubadda Ermənistanla sərhəddə dəmir yolunun yenidən qurulmasına start verilməsi region üçün illərin susqunluğunu pozan yeni bir başlanğıcdır.
Sanki tərk edilmiş relslərin üstündən külək deyil, zamanın özü keçirdi. İndi isə həmin vaxt dayanmış xətlərin üzərində həyat yenidən hərəkətə gəlir.
Bu işlər təkcə infrastruktur bərpası deyil, sərhəd boyu aparılan hər bir ölçü, çəkilən hər xətt insanların yaddaşında qalmış gərginliklərin arxasından görünən yeni sabahın işarəsidir. Ordubadın səssiz dağları indi tikinti texnikasının səsi ilə qarışıq, uzun illərdir gözlənilən bir hərəkatın şahidinə çevrilir.
Dəmir yolunun bərpası Naxçıvanın logistik imkanlarını genişləndirməklə yanaşı, bu torpağın üzərində yaşayan insanların bir daha tənha qalmayacağına bir ümid mesajıdır. Çünki dəmir yolları yalnız yük daşımır ünsiyyət, əlaqə, birlik və gələcək daşıyır.
Bu xətt yenidən qurulduqca, Ordubad tədricən öz coğrafiyasının deyil, həm də taleyinin mərkəzinə çevrilir. Əsrlər boyunca marşrutların keçdiyi bu qədim məkan bir daha böyük nəqliyyat xəritəsinin vacib nöqtəsinə qayıdır.
İllər öncə Naxçıvanla bağlı hazırladığım verilişdə Zəngəzur dəhlizindən gələn qonaqları qarşılayanda hiss etdiyim o unudulmaz an bu gün yenidən yada düşür.
O vaxt xəritədə çəkilən xətt sadəcə bir yol deyildi bölgənin gələcəyinə yazılan bir ümid idi.
Gələn qonaqların gözlərində Naxçıvanın yenilənən nəfəsini, Ordubadın sabaha açılan qapısını görürdüm. Səslənən hər bir fikirdə "Biz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi Zəngəzur dəhlizində qarşılayacağıq" .
Bu gün Ordubadda yenidən çəkilən dəmir yolu xətti həmin xatirələri yenidən oyadır.
O vaxt müsahiblərimizlə danışdığımız fikirlər indi real səslərə — texnikanın gurultusuna, torpağın titrəyişinə, relslərin oyanışına çevrilir.
Bəzən illər əvvəl söylənən bir cümlə bu gün reallığın fonunda yenidən doğulur.
Zəngəzur dəhlizi haqqında çəkilən o veriliş də elə belə idi - gələcəyin pıçıltısı. Və tezliklə reallaşan arzularımızla bağlı yeni layihələrə imza atacağıq.
Elnarə Heydərova
Naxçıvan televiziyasının baş redakroru,
Azərbaycan Respublikasının əməkdar jurnalisti
