5 dekabr – Azərbaycanın Milli Qəhrəmanı Səxavət Məhərrəmovun doğum günüdür

A- A A+

Bu gün – 5 dekabr, Azərbaycanın Milli Qəhrəmanı Səxavət Ələmdar oğlu Məhərrəmovun doğum günüdür. O, 1973-cü ilin bu günü Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində dünyaya göz açıb.

1990-cı illər Azərbaycan üçün ən ağır və taleyüklü dövrlərdən biri idi. Torpaqlarımızın işğalı, xalqımızın üzləşdiyi böyük sınaqlar həmin illəri tarixə faciə və qəhrəmanlıq salnaməsi kimi yazdı. Elə bu çətinliklər içində Səxavət Məhərrəmov da öz doğma yurdundan didərgin düşərək müxtəlif bölgələrdə yaşamalı olub. 1989-cu il iyunun 22-dən etibarən o, Qaradağ rayonunun Lökbatan qəsəbəsində daimi məskunlaşıb.

Vətəninə olan sevgisini sözlə deyil, əməli ilə sübut edən Səxavət Məhərrəmov könüllü olaraq cəbhəyə yollanıb. Onun döyüş yolu qısa olsa da, şərəf və igidlik nümunələri ilə dolu idi. 27 iyun 1992-ci ildə Ağdərə rayonunun Kiçik Qarabəy istiqamətində gedən ağır döyüşlərdə Səxavət son nəfəsinə qədər vuruşaraq qəhrəmancasına şəhid olub.

O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli, 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Gənc yaşında göstərdiyi igidlik, qətiyyət və fədakarlıq Səxavət Məhərrəmovu xalqın yaddaşında əbədi qəhrəman kimi yaşadır. Vətənə sonsuz sədaqətin simvoluna çevrilən bu adı yaşatmaq hər birimizin mənəvi borcudur.

 

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: