Azərbaycana səfərim zamanı "ASAN xidmət" mərkəzini ziyarət etmək mənə dövlət xidmətlərinin vətəndaşmərkəzli yanaşma əsasında necə səmərəli şəkildə təşkil oluna biləcəyini görmək imkanı verdi.
NUHÇIXAN xəbər verir ki, bunu “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri deyib.
“Bakıdakı əsas çıxışım zamanı mən müasir generativ süni intellektin mövcud vəziyyəti, qarşıdakı maneələr, risklər və real imkanlar haqqında açıq danışdım. Xüsusilə texnologiyanı yalnız istehlak edən ölkələrlə onu yaradaraq inkişaf etdirən ölkələr arasında böyüyən fərqin yaxın gələcək üçün nə qədər həlledici olduğuna diqqət çəkdim. Bu kontekstdə "GenAI Works" şirkətinin ASAN Süni İntellekt Platforması (ASAN AI HUB) ilə rəsmi əməkdaşlıq haqqında razılaşma imzalamasından böyük qürur duyuram. Həmin əməkdaşlıq regionda innovasiyaların dəstəklənməsi üçün yeni imkanlar açacaq. Eyni zamanda, bu əməkdaşlıq süni intellektin növbəti inkişaf mərhələsinin həm daha inklüziv, həm də yerli yaradıcı potensiala əsaslanmasını təmin etməyi hədəfləyir”, - deyə S.Nouri bildirib.
