Bir ömürlük əmək və ya zəhmətin danışan hekayəsi

A- A A+

 Doğulduğum kəndin-Dərəkəndin yolları Çimnaz nənənin addımlarına çoxdan öyrəşib. Kəndin ən yaşlı sakinlərindən biridir.  Addımları yavaşlasa da dayanmayıb. Mən onun yaşadığı evə gedəndə  əlində çaydan və su qabı  ilə qonşunun həyətindən  su gətirirdi.  Görüşdüm. Əvvəlcə müsahibə verməkdən çəkinsə də, sonra mənimlə razılaşdı. Əlindəkiləri çardağın üstünə qoyub yanındakı stula əyləşdi.

Bu yaşda hələ də bu qədər iş görməyinizə çoxları heyrət edir.  Səbəbi nədir? – deyə soruşduqda

Gülümsəyərək yorğun əllərini bir-birinə sürtdü.

Bala,  insan işləyəndə diri qalır, dayananda paslanır. Hər gün işləyirəm ki, beynim də, bədənim də  işləsin. İşləməyən adam tez yorulur, tez də qocalır. İş görəndə elə bilirəm ki, ömrüm bir az da uzanır.

Həyat sübhün şəfəqləri ilə gözəldir  deyən 90 yaşlı  nənə hər səhər  dan yeri ağaranda oyanır.  Tövlədəki inəyini sağır, hinduşkalarını yemləyir, həyət- bacasındakı xəzəlləri təmizləyir,  bir stəkan şirin çayını içdikdən sonra əlindəki əsaya söykənərək yenə həyətə çıxır, bağ-bağçasını dolaşır. Sakit addımlarla dolaşan nənənin  addımlarında, baxışlarında da bir iş adamının dəqiqliyi, nizam -intizamı var. Bu dəqiqlik və nizam   həyətində də formalaşıb. Zəhmətkeş əlləri ilə böyütdüyü ağaclar, güllər səliqə-səhmanı ilə  seçilir.

90 ildir həyat yükünü özü daşıyan nənə bizi evə dəvət edir. Əlindəki çaydanı ocağın üstünə qoyur və stolun üstünü yığışdırır.  Ona kömək etmək istəsəm də   buna razı olmur. Çayı özü dəmləyir. 

Bir qədər köhnə xatirələrin üzərindən keçir. Danışa –danışa yenə hərəkətdədir. Əli ilə qarşısındakı stəkanı düzəldir, ya pərdəni çəkir, ya da nəyisə harasa qoyur.

Onun illərin zəhməti ilə yoğrulan əllərində, barmaqlarının  hər qırışında bir həyat hekayəsi var. Heç  də asan olmayan bu həyat hekayəsi bir kitab kimi oxunaqlıdır. 

Bir böyük tayfanın tək qızı olub Çimnaz Həsənova. Əslində oxumaq istəyib. Ancaq o dövrdə,15 yaşında evləndirilib. Həmişə ağır işlərdə çalışıb, 11 uşaq böyüdüb, 20 nəvə, 18 nəticəsi var . Övladları, nəvələri, nəticələri  də həyatda onun qoyduğu qayda ilə yaşayır:  Düz danış, düzgün yolda addımla, halal ye, əziyyətə döz, insanlara hörmət et. Bunları aşlayıb onlara nənəmiz.

Gəncliyinizi, o dövrü necə xatırlayırsız?

Anam rəhmətə gedəndə 2 yaşım olub. Nənəm məni saxlayıb. Yetim böyüyüb, yetim də saxlamışam. Dağ aran həyatı yaşamışam. Dağ yerində pencər yığıb kətə bişirirdik. Meşələrdən alma, armud, qaraca yığırdıq. Armudu qax edib qurudur,  dəstərdə çəkib qovud edib dürmək kimi yeyirdik .    Heç acırdıq? Ona görə belə sağlam qalmışam mən. Sarı yağ, bulaq suyu, dağ havası, bir də işgüzarlığım sağlamlığımın, gümrahlığımın səbədir. 

Kərənti  çəkib ot  da biçmişəm, pambıq tarlalarında da çalışmışam. Gündə 4 saata  50-60  kq pambıq yığırdım. Bir müddət Qazaxıstanda yaşamışıq. Yoldaşım orda  baytar, ferma müdiri idi. Heyvan saxlayırdıq. Dəvə də minmişəm, at südü( qımız) də içmişəm. Çox ağır işlər gördüyümdən son iki ildir damarlarıma güc düşüb yığılıb. Çox adam elə bilir ki mən  qozbeləm. Ancaq elə deyil, çox işləməkdəndir. Bu yaşımda da  istiyirəm ki dağı daş üstünə qoyum. Amma  gəncliyimdəki gücüm yoxdur indi.       Ömür gedib.  Müşahidə etmisənmi heç, bir ağac çürüyəndə ətrafında göbələklər bitir. Ağac göbələyi deyirik. İnsan da elədir.  Şükür ki, bu yaşımda da heç kimə möhtac deyiləm, özümü dolandırıram.

Əllərini göstərərk barmaqlarımı görürsən necə yoğundur qızım.  Bel tutmaqdan,  kərənti çəkməkdən, ot yığmaqdan, əkin əkməkdən olub.

Nənənin əlləri,üzü qırışlarla dolsa da gözlərindəki işıq yaşını gizlədir. Bu işıq zəhmətin işığıdır. O bir kəndin ağbirçəyi, sözünə baxılan, dinlənilən müdrik insanıdır. Analar ondan ocağın istisini, atalar zəhmətin dəyərini öyrənirlər. 90 yaşında hələ də  təndirə çörək yapmaqdan, süfrəyə öz əli ilə   açmaqdan, bağda bir ağacın budağını düzəltməkdən yorulmayıb. Bir kəndin sakinləri ona zəhmətinə görə hörmət edirlər.

Doqquz onillik ömür,  az qala bir əsr yaşayan bu ağbirçək qadın  ömrünü təqvimlə deyil, yaylaq həyatı, biçin vaxtları, qış azuqəsi ilə ölçüb. Payızın son ayları, qışın gəlişinə sayılı günlər qalanda o qış ruzisi- qovurma da hazırlayır.

Nənə  bizimlə danışa-danışa ev işlərini qaydalaşdırdı və dünəndən bəri həyətdəki ocağın altına yığdığı odunları yandırdı.  Bir sutka suda saxladığı ətin suyunu süzdükdən sonra yenidən üzərini örtəcək qədər su doldurdu. Oğlunun köməyi ilə  iri mis qazanı ocağın üstünə qoydu. Bir qədər qaynadıqdan sonra  suyunu yaxşıca süzməsi üçün   kəfkirlə süzgəcə yığıdı. Ətin öz  yağını əridib   qara tikələri həmin qaynar yağa əlavə etdi.  Ocağın çırtıltısı, ət qızardıqca ətri və səsi ətrafa yayılır, bir evin, bir ailənin xatirəsini oyadırdı . Çimnaz nənənin gözəl həyəti, taxta qaşığın qazana dəyən ahəngi sanki onu payızdan qışa aparan  bir xatirə idi.

Nənə bizim üçün də süfrəyə bir kasa cığata və qovurma qoydu. Yanında da iri baş soğan və quru lavas…  uşaqlığımdan mənə tanış olan dad gəldi. Bu dadın içində   nənəm də var idi.  O an hiss etdim ki, Çimnaz nənə kimi işgüzar nənələr gördükləri işlərlə yaşadığı torpağın da ruhunu diri saxlayırlar. Və axşam düşənə yaxın  nənə yenə əlindəki əsasına söykənib  həyət-bacasına baxırdı. Sanki bu gün də borcunu yerinə yetirmiş kimi. Həmin gün sadə   görünsə də arxasında bir ömürlük zəhmət var idi.

Türkanə Əmoyeva

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: