Başı buludlara söykənən, günəşə salam verən, dumana qərq olan, ay və ulduzlarla pıçıldaşan dağların günüdür bu gün. Yer kürəsinin 30 faizindən çoxunu əhatə edən, təbiətin qüruru, insanın gücü, ucadan uca, qocadan qoca dağların.
Zirvəsi qarlı, səması qartallı, bənzərsiz, qənirsizdir dağlar. Biri alçaq, sinəsi geniş, digəri uca, yolu eniş –yoxuşdur. Vəsfinə şeirlər yazılıb, nəğmələr qoşulub onların . Dağların dili quşların səsi, bulaqların zümzüməsi, küləyin pıçıltısı olub. Hər qarışı müxtəlif növ canlıların yaşadığı böyük bir dünya olan dağlar o qədər səxavətlidir ki! Qoynundakı bulaqların suyunu, çiçəklərin dərmanını, kol bitkilərinin nemətini, su ehtiyatlarını ta əzəldən insan oğlu ilə bölüşüb. Yorğun olanda dağlara baxıb güclənmişik, kədərli anlarımızda dağların sakitliyindən rahatlıq tapmışıq.
Fərqli görkəmi və rəngi ilə seçilən Naxçıvan dağları yalnız bir coğrafi məkan deyil, həm də hər qayası min illərin yaddaşını saxlayan bir tarix kitabıdır. Haçadağ, Qapıcıq, Əlincə, Batabatın yamaclarını əhatə edən sıldırım qayalar sanki Naçıvanın keşiyində dayanmış səssiz qəhrəmanlardır. Sadəcə bir dağ deyil, yüz illərin sınağından keçən əzəmət simvolu, tariximizin susmayan sədası, bir xalqının gücünün , iradəsinin daşlaşmış simvoludur Əlincə . Əsrlər əvvəl burada döyüşən igidlərin səsi, qılınc səsləri, at kişnərtiləri, daşlara çırpılan nəfəslər hələ də eşidilir. İgidlərin qəhrəmanlıq dastanları yazılıb bu dağda. Üçrəngli hilalımızın əzmlə dalğalandığı dağın zirvəsinə addım atan hər kəs bir həqiqəti etiraf edir : Nə qədər çətin olsa da bu mənzərəni görməyə dəyər!
Buralarda günəş çıxanda ilk Haçadağın zirvəsi işıqlanır. Gün batanda ən sonda o qaranlığa qərq olur. Elə bil tanrı bu dağı həm gündüzün, həm də gecənin sirrini qoruyan bir keşikçi kimi var edib. Kəskin, sərt, qürurlu duruşu, haçaya bənzər zirvələri ilə göy üzünə dirənən bu dağın sinəsində əsən küləklər əsrlərin nağıl və əfsanələrini pıçıldayır. Yağışlar min illərin izini yuyub cığırlar açır. Fırça ustaları ən gözəl əsərlərini ulu Naxçıvanın bələdçisi olan Haçadağa həsr edirlər.
Bölgənin qapısını qoruyan, Naxçıvanın ən uca zirvəsi Qapıcıq göylə yer arasında bağ salan bir körpü, Zəngəzur qürurun, tarixin zirvəsidir. Bu dağ silsilələrinin əzəməti isə tarixi və strateji əhəmiyyətindədir. Əsrlər boyu xalqın müdafiə, sərhəd xətti , varlığı ilə düşmənə görk, ətəyində yerləşən dəmir dirəklər kimi dəmir iradəli olub Zəngəzur dağları.
Uzaqdan sadə bir dağ silsiləsi kimi görünsə də dərələri, qayaları , gül-çiçəkli çəmənləri ilə hər kəsi ovsunlayan Batabat isə Naxçıvan təbiətinin poeziyasıdır.
Naxçıvanda yaşayan insanların da sərt, amma səmimi təbiəti elə dağların əzəmətini xatırladır. Çobanlar mal-qaranı, sürülərini bu dağların qoynunda otarıb, dağ kəndlərinin sakinləri isə gündəlik həyatın ritmini onların varlığı ilə ölçüblər.
Dağlar, bölgənin turizm potensialında da mühüm rol oynayır. Alpinistlər, səyyahlar, fotoqraflar üçün ilham mənbəyidir dağlar. Heç vaxt danışmır onlar! Sadəcə bu torpağın sükuta bürünmüş qürur hekayəsinə baxanlar onların görkəmində bu sözləri oxuyur. Əyilmə, ucalarda dayan!
Türkanə Əmoyeva
Naxçıvan televiziyasının redaktoru
