Səlahiyyətli nümayəndə şəhid ailələri üzvləri və qazilərlə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhid ailələri və qazilərlə görüşüb.
Görüşdə şəhidlərə və qazilərə ehtiramını bildirən səlahiyyətli nümayəndə qeyd edib ki, bu kateqoriyadan olan ailələr dövlətimizin xüsusi qayğısı ilə əhatə olunub. Prezident cənab İlham Əliyevin diqqət və tapşırığı ilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial təminatı və rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının davamlı olaraq yüksəldilməsi məqsədilə zəruri işlər görülməkdədir.
Ceyhun Cəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbənin səbəb olduğu reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması üçün işlərə başlanılmasıdır. Ölkəmiz və bütün region üçün mühüm əhəmiyyət kəsb edən bu yolun açılmasında hər bir qəhrəman şəhid və qazimizin əvəzolunmaz rolu var. Xalqımız onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, nəsillərə örnək vətənpərvərliklərini və fədakarlıqlarını daim xatırlayacaq, xatirələrini ehtiramla yad edəcək. Bu məqsədlə muxtar respublikada işlər davam etdirilir. Naxçıvan şəhərinin yeni baş planına uyğun olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində geniş Zəfər Parkı inşa olunacaq. Həmçinin muxtar respublikanın rayonlarında memorial abidə komplekslərinin inşası davam etdiriləcək.
Səlahiyyətli nümayəndə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı, uzun ömür arzulayıb.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini icra edən Fərid Bağırzadə çıxış edərək Naxçıvanda şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan bəhs edib, bu sahədə görüləcək işlər barədə məlumat verib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2023-2025-ci illər ərzində 1124 halda 1 milyon 800 min 467 manatdan çox vəsait xərclənib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi sədrinin müavini, şəhid gizir Bağır Ələkbərovun atası Əsəd Ələkbərov və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Təbriz Zeynalov şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin həlli, həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə görüləcək işlərdən ibarət təkliflərlə çıxış ediblər.
Görüşdə iştirak edən şəhid ailələri üzvləri- şəhid polkovnik-leytenant Sədi Musayevin anası Nəsibə Musayeva, şəhid mayor Vüsal Vəliyevin anası Mədinə Vəliyeva, şəhid kapitan Fərid Mehbalının atası Kamaləddin Mehbalıyev, şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid baş leytenant Nihat Quluzadənin atası Qasım Quliyev, şəhid leytenant Fərmin Əliyevin atası Fərman Əliyev, şəhid leytenant İbrahim Vəlizadənin atası Malik Vəliyev, şəhid əsgər Abbasəli Nəzərəliyevin həyat yoldaşı Mədinə Nəzərəliyeva və Vətən müharibəsi iştirakçıları- “Naxçıvan Qaziləri” İctimai Birliyi sədrinin müavini Firuz Məmmədov və Məhəmməd Əhmədov çıxış edərək səmimi görüşün təşkilinə görə təşəkkür edib, problem və təkliflərini diqqətə çatdırıblar. Çıxış edənlər şəhid adına verilən yüksək dəyərə, həyata keçirilən sosial dəstək tədbirlərinə və yüksək qayğıya görə dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.