İğdırda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

A- A A+

Türkiyənin şərqində yerləşən İğdır şəhərindəki Heydər Əliyev adına Elmi Liseydə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbir lisey rəhbərliyi və Türkiyə–Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasına daxil olan “İğdır Azərbaycan Evi” cəmiyyəti tərəfindən təşkil olunub.

Müəllim və şagirdlərin birgə hazırladıqları proqram çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin xilası və möhkəmlənməsində oynadığı tarixi rol barədə məlumat təqdim edilib.

Liseyin şagirdi Yiğit Yazkan Azərbaycan dövlətçiliyinin memarına həsr olunmuş şeir səsləndirib.

“İğdır Azərbaycan Evi” cəmiyyətinin rəhbəri Serdar Ünsal dahi dövlət xadiminin taleyüklü rolundan, Azərbaycanın möhkəmlənməsinə və Türk dünyası ilə əlaqələrin inkişafına verdiyi töhfələrdən lisey şagirdlərinə ətraflı söz açıb.

“Məhz Heydər Əliyevin siyasi kursu sayəsində müasir Azərbaycanın möhkəm təməli qoyulub və o, bu gün regionun parlaq ulduzu kimi qəbul olunur. Mənim böyük lideri şəxsən tanımaq, onunla Türk mediası üçün müsahibə aparmaq şansım olub”, - deyə S. Ünsal bildirib. O, həmçinin dahi siyasətçinin Naxçıvanda olduğu dövrə dair məlumatları da bölüşüb.

Cəmiyyətin rəhbəri lisey şagirdlərini Azərbaycanın dahi oğlunun xatirəsini daim ehtiramla yad etməyə, Heydər Əliyevin vəsiyyətlərinə sədaqətlə əməl etməyə, iki qardaş ölkənin birliyinin keşiyində durmağa çağırıb.

Liseyin direktoru Yavuz Bağcı isə qeyd edib ki, Heydər Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və təcrübəsi Azərbaycanın dövlətçiliyini respublika üçün çətin olan bir dövrdə xilas etməyə imkan verib.

“Heydər Əliyevin vəsiyyətləri və onun müəyyən etdiyi siyasi kurs Azərbaycanın dünya dövlətləri ailəsində layiqli yer tutmasına şərait yaradıb. Onun işinin layiqli davamçısı Prezident İlham Əliyevdir”, – deyə Y. Bağcı vurğulayıb və Ümummilli Liderin adını daşıyan liseyə rəhbərlik etməkdən qürur duyduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: